Biletlər 30%-dək endirimlə
İndi al

Azərbaycan – Odlar Yurdu 

Azərbaycan bütün yolların qovuşduğu yerdir və “Qərb qərbdir, şərq isə şərq və onlar heç zaman kəsişmirlər” deyimini tamamilə təkzib edir.

Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan həm ölkə, həm də millət olaraq bəsit tərifləri inkar edir: ölkə və millət tam olaraq nə Qərbə aiddir, nə də ki, Şərqə, lakin hər iki mədəniyyətin zəngin və nadir vəhdətini təşkil edir. Sözün əsl mənasında, Azərbaycan bu gün müasir və liberal ölkədir. Eyni zamanda bu ölkə bir çox dinlərin və millətlərin ənənələrini öz sosial strukturunda birləşdirir. 

Azərbaycanlılar dünyanın ən qonaqpərvər millətlərindəndir. Azərbaycan isti və mehriban bir məkandır. Burada heç kim, hətta yeni tanışlar belə yad sayılmır. Evlərin qapısı həmişə qonaqların üzünə açıqdır. Çay isə həmişə süfrəyə verilməyə hazır olur. Burada köhnə və ya yeni dost olmasından asılı olmayaraq, dostluqdan vacib heç bir şey yoxdur. 

Azərbaycan yerin çatlarından sızan qazın yanması nəticəsində yaranan “yanan dağlar” fenomeninə görə ta qədimdən “Odlar Yurdu” adlanır. Hal-hazırda Bakının kənarında yerləşən daş divarla əhatələnmiş Atəşgah kompleksi odpərəstlər tərəfindən məbəd kimi istifadə olunmuşdur. Dövrümüzdə bu kompleks muzeyə çevrilmişdir. 

Turistlərin sevdiyi başqa bir məkan Yanardağdır. “Yanan dağ” mənası verən bu ərazidə torpağın yeraltı qatlarından təbii qazın sızmasından yaranan sönməz alov yanır. Bakının mərkəzindən cəmi 27 kilometr şimalda yerləşən bu məkanda min ildən çoxdur ki, sönməz alov ilin bütün fəsillərində şölələnir. Dağlıq ərazi boyu yeraltı təbii qazların davamlı olaraq sızması nəticəsində hətta yağışlı havada belə bu alov sönmür.

Turlar

Bakının qeyri-adi tarixi barədə məlumat almaq istəyirsinizsə, İçəri Şəhərin küçələrində dolaşmaq imkanını əldən verməyin. Eyni zamanda, şəhərin müasir mərkəzi hissəsi ilə tanış olun və mərkəzdən bir qədər kənarda yerləşən və Azərbaycanda sayı yüzlərlə olan nadir təbiət hadisəsini – palçıq vulkanlarını kəşf edin. 

İçəri Şəhər turundan sonra, şəhərdən 40 mil (64 km) məsafədə cənub-qərbdə yerləşən palçıq vulkanları və Qobustan Milli Parkı ilə tanış olun. Qobustan qayalıqları mədəni-incəsənət kompleksi Azərbaycanın mərkəzi hissəsində yarımsəhra landşaftında üç yayla boyu yerləşmiş, 40 min il əvvəl qayaüstü rəsmlərin mövcud olduğunu sübut edən 6 mindən çox qayaüstü rəsmin təsvir olunduğu qayalardan ibarətdir. Bu ərazidə, qədim insanların sonuncu buz dövründən sonrakı tarixi mərhələdə burada məskunlaşdığından xəbər verən mağaraların, yaşayış yerlərinin və qəbiristanlıqların qalıqları var. 

Ölkənin digər maraqlı məkanlarından biri qədim Şəki şəhəridir. Haqlı olaraq memarlıq qoruğu hesab olunan bu şəhər 1762-ci ildə tikilmiş Şəki Xan Sarayı ilə xarici turistlərin marağına səbəb olur. Bu tikilinin ən maraqlı cəhətlərindən biri odur ki, onun inşaatı zamanı bir dənə də mismardan istifadə edilməmişdir. Sarayın milli mozaika üslubunda qurulmuş şəbəkələrinin şüşələri Venesiyadan gətirilmişdir. 


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.