İyun

24

Ross Braun: 2021-ci ildə Formula 1-də böyük dəyişikliklər olacaq

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Mətbuat nümayəndələri ilə keçirilən görüş zamanı Formula 1 Dünya Çempionatının icraçı direktoru Ross Braun yeni komandalara köməklik göstərəcəyini bildirdi və həmçinin texniki tənzimləmələrin hansı istiqamətdə dəyişəcəyi haqqında ətraflı məlumat verdi.

Ross Braun 2021-ci ildə Formula 1 Dünya Çempionatında texniki və idman tənzimləmələrinə dair böyük dəyişikliklərin olacağı haqqında mətbuata açıqlama verdi. Azərbaycan Qran Prisi ilə əlaqədar Bakıya səfərinin ilk günündə Ross Braun qaydaların yazılma üsulları və dəyişikliklərin tətbiqolunma tarixləri barəsində öz fikirlərini mətbuatla bölüşdü.

Ross Braunun Bakıda verdiyi açıqlamalar belədir:

Mənim əsas məqsədim Formula 1-in gələcəyi haqqında düşünən bir komanda qurmaqdır. Tamaşaçılar və komandalar üçün bu idmanı necə inkişaf etdirə bilərik və eyni zamanda idmanda davamlı inkişafı necə təmin edə bilərik, bu barədə fəaliyyət göstərən bir komanda qurmaq istəyirəm.

Hal-hazırda biz mütəxəssislərdən ibarət bir komanda qurmağa çalışırıq. Bu komandada aerodinamika, şassi, mühərrik və idman üzrə mütəxəssislər yer alır. Onlar bir araya gələrək bu idmanın inkişaf etdirilməsi yolları üzərində çalışırlar.

İdmanı inkişaf etdirmək daha güclü rəqabət, daha həyəcanverici bolidlər və həmçinin bir-birinə yaxın şəkildə rəqabət apara biləcək yarış avtomobillərini ərsəyə gətirmək deməkdir. İdmanı inkişaf etdirmək həm də orijinal və maraqlı yarış formatı yaratmaqdır.

Mən ucuz, ötəri həllərin arxasınca getmirəm. Bu inkişafı təmin etmək üçün əvvəlcə müvafiq araşdırmalar aparmalıyıq. Biz yanlış etməkdən qaçmağa çalışırıq. Bunun üçün bizim güclü komandaya ehtiyacımız var. İndiki komandamız bir neçə həftədir bir araya gəlib çalışır. Biz bu baxımdan Beynəlxalq Avtomobil Federasiyası (FİA) və komandalarla sıx əməkdaşlıq içərisindəyik. Ümidvaram ki, birlikdə yaxın gələcəkdə hamı üçün faydalı olacaq yeniliklərə imza atacayıq.

Bu prosesin bir hissəsi xərclərlə əlaqədardır. Formula 1 bahalı idman növüdür və biz xərcləri azaltmağa çalışırıq. Bunu etməkdə əsas məqsəd çempionatın davamlılığını və həmçinin kiçik komandaların gələcəkdə rəqabətə tap gətirə bilmələri üçün onların zəruri rəsurslara çıxışını təmin etməkdir. Burada biz əsasən komandaların kommersiya gəlirlərinin bölgüsündə bərabərliyi təmin etməyə çalışırıq. Bu asan olmayacaq, lakin kiçik komandaların gəlirlərini artırmaqda qərarlıyıq. Digər məqsədimiz gələcəkdə start düzülüşündə 12 və ya 13 komanda görməkdir. Bunu yalnız o halda həyata keçirə biləcəyik ki, Formula 1-ə yeni gələn komandalar üçün yaxşı iqtisadi modelimiz olsun.

Builki tətbiq olunan yeniliklər Formula 1 bolidlərinin ötmələr etmək potensialını azaltdı. Biz bu məsələni ciddi şəkildə gündəmə almışıq. Biz FİA ilə birlikdə yarış qabiliyyəti üzrə qrup yaradırıq. Yarış qabiliyyəti deyiləndə bolidlərin bir-biri ilə yarışa bilmələri, yaxınlaşıb ötə bilmələri başa düşülməlidir. Hazırda Formula 1 bolidlərindəki dəyişikliklər bu baxımdan yanlış istiqamətdədir. Bolidlərin bir-biri ilə yarışa bilmələri çətinləşib.

“Computational Fluid Dynamics” (CFD) adlandırılan sistem aerodinamika simulyasiyası baxımından yüksək səviyyədə təkmilləşdirilib. Bu proqram vasitəsilə bir-biri ilə yarışa bilən iki bolidin modelini eyni anda qurmaq mümkündür. Uzun illərdir bunu məhdudlaşdıran əsas amil hava tunellərinin sözügedən məqama uyğun şəkildə tərtib olunmamasıdır. Lakin indi iki bolidi bir arada tərtib etmək mümkündür. CFD sistemləri bunu etməyə imkan verir, həm daha dəqiq şəkildə, həm də hava tuneli amilini tam nəzərə almaqla. Komandamız güclü aerodinamika mütəxəssislərindən ibarətdir. Onlar indi elə bir model üzərində çalışırlar ki, burada iki boliddən birinin aerodinamika cəhətdən tərtibatının o biri bolid üzərində hansı təsirlərinin olduğunu müəyyənləşdirmək mümkün olsun. Nəticədə biz istəyirik ki, bolidlər bir-birindən daha az təsirlənsinlər və bununla da yarış qabiliyyətinin artırılması mümkün olsun. Bu, bolidləri bir-biri ilə yarışa bilmələrini təmin etmək baxımından bəlkə də ən vacib amildir.

Növbəti bir neçə il ərzində Formula 1 üçün əsas məsələlərdən biri yeni mühərriklərin ərsəyə gətirilməsidir. Bu yeni mühərriklər 2021-ci ildən etibarən istifadə olunacaq. Həmin il bolidlərdə əsas dəyişikliklər etmək üçün uyğun vaxtdır. Biz bütün komandalar üçün ortaq sürət qutusu tərtib etməyə çalışırıq ki, transmissiya məsələsi yoluna qoyulsun. Əgər bolidlərin mühərrikləri fərqlidirsə buna nail olmaq mümkün deyil. Daha standartlaşdırılmış sürət qutusu əldə etmək üçün biz mühərrik və sürət qutusu arasında əlaqəni ayrılıqda tərtib etməliyik. 2021-ci il bu dəyişiklərə nail olmaq baxımından əsas tarixdir.

Gələcək modellə əlaqədar işlər görərkən həm də biz bəzi fikirləri indidən nəzərə almalıyıq. Əgər biz bunu etmək istəyiriksə, niyə daha tez etmirik və niyə məhz 2021-ci ili gözləyirik? Fikrimcə biz yaxşı öyrənilməmiş sürətli işlərdən uzaq durmalıyıq. Əgər desən ki, biz sabah üçün dəyişikliklər etmək istəyirik, onda komandaların qəzəbinə tuş gələcəksən, çünki bu dəyişikliklər bahadır və buna görə də böyük ehtimalla komandalar bununla razılaşmayacaqlar. 2021-ci il bu dəyişiklikləri etmək üçün ideal tarixdir. Lakin həmin vaxtadək bolidlərin və ümumilikdə idmanın inkişafı üçün yaranmış fürsətləri də əldən vermək istəmirəm.

Bu bizim qarşıya qoyduğumuz əsas məqsəddir ki, 2021-ci ilə yeni mühərriki tam yarada bilək. Mühərrik alıcıları üçün xərci azaltmaq niyyətindəyik. Həmçinin mühərrik istehsalçıları üçün də xərcləri azaltmağa çalışırıq. Hal-hazırda müstəqil mühərrik istehsalçımız yoxdur, çünki bunun üçün mövcud olan kommersiya modeli sərfəli deyil. Uzun illər əvvəl olmasa da biz Cosworth və İlmor kimi müstəqil təchizatçılarla işləyirdik. Yeni mühərrik tənzimləmələri ilə əlaqədar ən vacib məqsədlərimizdən biri yeni mühərriklərin bütün komandalar üçün sərfəli olmasını təmin etməkdir. Porsche, BMW və ya digər hər hansı bir mühərrik istehsalçısının Formula 1-ə gələcəyinə dair məlumatım yoxdur. Lakin biz çalışırıq ki, yeni tənzimləmələri hamı üçün cəzbedici edək və mühərrik istehsalçıları buna investisiya qoymaqda maraqlı olsunlar. Bu həqiqətən də çox diqqət yetirdiyimiz əsas məqsədlərdəndir.

2017-ci il bolidlərinin mühərrikini örtən fərqli bir qanad var. Bu növbəti ildən etibarən yığışdırılacaq.

Lakin 2018-ci il üçün böyük dəyişikliklər nəzərdə tutmamışıq. Bəzi idman tənzimləmələri ilə əlaqədar kiçik dəyişikliklər ola bilər, ancaq hələlik bütün dəyişikliklər bunlardır. Texniki tənzimləmələrə dair ilk dəyişiklikləri 2019-cu ildə görə biləcəksiniz.

İndiki mühərriklər bəlkə də Formula 1 tarixindəki ən səmərəli mühərriklərdir. Yarış zamanı yanacağın doldurulduğu vaxtlar biz hər bir yarış üzrə 140-150 litr yanacaq sərf edirdik. İndi isə bütün yarışa 100 litr yanacaq sərf olunur və üstəlik mühərriklər daha güclüdür. Yanacaq sərfiyyatını 30 % azaltmışıq. Mühərriklərin səmərəliliyi baxımından həqiqətən də böyük irəliləyiş əldə etmişik. Bu, avtomobil istehsalçılarına önəmli ismaric ola bilər. Biz bu səmərəliliyi daim qoruyub saxlamağa çalışacağıq.

İdmanla yanaşı həm də əyləncə olmalıdır. Tamaşaçılar üçün yaxşı əyləncə təqdim etməliyik. Bu idmandır, burada biz insanlarla iç-içə oluruq. Buna görə də biz onlar üçün ən gözəl əyləncəni təqdim etməliyik. Buna görə də Formula 1 olaraq biz idman ilə onunla bağlı keçirilən tədbirlər arasında uyğunluq baxımından düzgün balans qurmalıyıq. Əgər bu yarış bir idman olmayacaqsa, onda heç kim burada iştirak etməyəcək.