İyun

24

Formula 1-in fəxri sədri Berni Ekklstoun Ferrariyə Raykkonenin yerinə Alonsonu məsləhət görüb

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Formula 1 Dünya Çempionatının fəxri sədri Berni Ekklstoun bu il çempionatın qalibinin kim olacağına dair proqnoz verdi və Alonsonun Ferrari komandasına nə üçün lazım olduğundan danışdı

Formula 1-in ortağı və fəxri sədri Berni Ekklstoun Azərbaycan Qran Prisinin azarkeşləri ilə keçirilən onlayn söhbətdə iştirak etdi. Britaniyalı işadamı canlı olaraq azarkeşlərin suallarını cavablandırdı. İntervyu Bakı Şəhər Halqasının Facebookda olan rəsmi səhifəsində yayımlanıb. Azarkeşlərlə olan onlayn söhbətə Benetton və Renault komandalarının əfsənavi rəhbəri Flavio Briatore da qatıldı. Məhz onun rəhbərliyində Mixael Şumaxer və Fernando Alonso dünya çempionu olublar.

Azarkeşləri maraqlandıran ilk sual Kimi Raykkonenin Ferraridəki mövqeyi ilə bağlı idi. Növbəti mövsümdə finlandiyalı pilotun yerinə kimin gətirilməsi soruşuldu. Ekklstoun və Briatore yekdilliklə Kiminin yerinə Alonsonun gətirilməsini məsləhət bildilər. Hazırda Fernando Alonso McLaren komandasının pilotudur. “Ferrari üçün bu çox sadə qərardır. Alonso ən yaxşılardan biridir”- deyə Formula 1-in fəxri sədri Facebookda canlı yayımlanan onlayn söhbət zamanı bildirdi.

Bu il çempionun kim olacağına dair səsləndirilən fikirlər isə fərqli olub. Ekklstoun Hamiltonun qələbə qazanacağını dedi, Briatore isə Fetteli işarə etdi. “Berni bəhsə girmir, o hər zaman düz deyir” – deyə Briatore bildirdi.

Briatore Mixael Şumaxerin uğurlarını yalnız Luis Hamiltonun təkrarlaya biləcəyini dedi. Ekklstoun isə bu suala cavab vermədi. Yəqin ona görə ki, Şumaxer səviyyəsində pilot olmadığı qənaətindədir.

Formula 1-in iki korifeyi Maks Ferstappenin potensialını çox diqqətlicə qiymətləndirdilər. “O çox gəncdir. Çox bacarıqlı və mükəmməl pilotdur. Hazırda o, ən yaxşılardan biridir, lakin onu daha təcrübəli, daha böyük pilotlarla müqayisə etmək hələlik tezdir” – deyə Briatore fikrini dedi. Berni Ekklstoun Maks Ferstappenin keçmiş pilotlarla birbaşa müqayisəsini qəbul etmədi və bildirdi ki, dövrlər fərqlidir, yaşlar fərqlidir və insanlar fərqlidir.  

Buna baxmayaraq, avtoidmanın iki əfsanəsi ən gözəl bolidlərin olduğu dövrü müqayisə etməkdə çəkinmədilər. “Formula 1 texnologiya ilə birlikdə inkişaf edir və inkişaf etməkdə də davam edəcək. Lakin müasir bolidlər ötən əsrin 70-80-ci illərində olanlar qədər yaxşı görünmür” – deyə Ekklstoun bildirdi. Briatore 1980-1985-ci illəri bolidlərin xarici görünüşü baxımından ən gözəl olduğu dövr olaraq qiymətləndirdi.

Söhbət Ekklstoun və Briatorenin Bakı Şəhər Halqası və ümumilikdə Azərbaycan haqqındakı təəssüratları ətrafında davam etdi. “Çox zövqlü ölkə və çox zövqlü şəhərdir. Bakını Floridanın cənubuna bənzədirəm. Əgər biz trek haqqında daşıssaq, insanlar şəhər treklərini çox xoşlayırlar, çünki onlar bolidlərin mübarizəsini çox yaxın məsafədən izləyə bilirlər” – deyə Formula 1-in fəxri sədri qeyd etdi.

Flavio Briatore isə belə danışdı: “Azərbaycan Qran Prisi mövsümün ən maraqlı yarışlarından biridir. Bu çox aydındır ki, Bakı sakinləri çox dostyanadırlar və trek də mürəkkəbliyi baxımından pilotlar üçün olduqca çətindir. Yarışın təşkilatçıları Formula 1-i Bakıya gətirməklə çox yaxşı iş görüblər”.