İyun

24

Bakıda Tarkanın möhtəşəm konserti baş tutdu

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

2017 Formula 1 Azərbaycan Qran Prisinin ilk günündə dünyaca məşhur türkiyəli müğənni Tarkan dənizkənarı bulvara toplaşmış minlərlə avtoidman azarkeşlərinin qarşısında ən çox sevilən mahnılarını ifa edərək konsertə gələnlərə unudulmaz gecə yaşatdı.

Azərbaycanda Formula 1 yarışının təşçilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yarışı izləməyə gələn hər yaşdan olan tamaşaçılar üçün zəngin əyləncə proqramı hazırlayıb.

Gündüz saatlarında keçirilən yarış sessiyaları və müxtəlif növ əyləncə tədbirləri ilə yanaşı axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutan konsert proqramları Bakıya toplaşmış Formula 1 azarkeşlərinə əyləncə və idmanın iç-içə olduğu möhtəşəm anlar təqdim edir.

Azərbaycan Qran Prisinin ilk günündə gərgin keçən yarış sessiyalarını izlədikdən sonra dənizkənarı bulvarda quraşdırılmış böyük səhnə ətrafına gələn 20 mindən çox tamaşaçı Türkiyənin dünya şöhrətli pop-starını böyük coşğu ilə qarşıladı.
Bir-birinin ardınca ən çox sevilən mahnıları ilə yanaşı yeni albomundan da ən çox dinlənən musiqi nömrələrini ifa edən Tarkan möhtəşəm səhnə performansı ilə konsertə toplaşanlara unudulmaz gecə yaşatdı.

Konsert proqramında iştirak edən BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai musiqili gecədən böyük zövq aldığını bildirdi: “Bakıda ikinci dəfə baş tutan Formula 1 yarışının ilk günündə həm gərgin mübarizə şəraitində keçən yarış sessiyalarını izlədik, həm də əyləncə zonalarında olan müxtəlif tədbirlərdə iştirak edərək günü dolu-dolu yaşadıq. Axşam saatlarında Tarkanın iştirakı ilə baş tutan möhtəşəm konsert proqramı ilə yarışın ilk gününü ən gözəl anlarla başa vurduq.

Tarkanla böyük əyləncəyə başlanğıc etməyimiz tam yerinə düşdü. Bildiyiniz kimi, türkiyəli müğənni iyunun 15-də yeni albomunu təqdim edib. Hazırda “iTunes” proqramında “10” adlı albomu endirənlər içərisində Tarkanın məhz Azərbaycandan olan azarkeşləri üstünlük təşkil edir. Dünənki konsertdə Tarkan köhnə mahnıları ilə yanaşı sonuncu albomundan ən çox dinlənən mahnıları konsertə toplaşanlara ərmağan etdi.

Əyləncəmiz bununla bitmir, növbəti iki gündə də yarış həyəcanı və əyləncə coşğusu davam edəcək. Bu gün və sabah üçün bizi maraqlı anlar gözləyir. Odur ki, tələsin, möhtəşəm tədbirdən uzaqda qalmayın!”.

Qeyd edək ki, bu gün axşam saatlarında dünya ulduzlarından “Black Eyed Peas” qrupu və Nikol Şerzinger səhnəyə çıxacaq. Sabah isə meqastar Meraya Keri Bakıda yarış həvəskarlarına konsert verəcək.
Hazırda Azərbaycan Qran Prisinə bilet satışı davam edir. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

 

01