İyun

20

Bulvar tribunasına olan biletlərin hamısı satılıb

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bu, 2017 Formula 1 Azərbaycan Qran Prisindən əvvəl bütün biletlərin satıldığı sayca üçüncü tribunadır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ölkə ictimaiyyətinə böyük məmnuniyyətlə bildirir ki, son günlər Azərbaycan Qran Prisini yarış məkanında izləmək istəyənlərin göstərdiyi böyük maraq nəticəsində çox sayda bilet satışı reallaşıb və beləliklə Bulvar tribunasına olan biletlər tamamilə alınıb.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bunu bu il ötən illə müqayisədə yarışı izləməyə xaricdən daha çox turistin gələcəyi ilə izah edib: “Biz bütün gücümüzü səfərbər edərək geniş məzmunlu və maraqlı əyləncə proqramı hazırlamışıq. Dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsertlərin elan olunmasından sonra həm ölkə daxilindən, həm xaricdən alınan biletlərin sayında böyük artım qeydə alınıb.

Əldə olan son məlumata əsasən deyə bilərəm ki, Bakıda keçiriləcək Formula 1 yarışını izləməyə bu il ötən ildəkindən iki dəfə çox xarici qonaq gələcək.

Eyni zamanda bu il yerli tamaşaçılar da yarışa böyük maraq göstərirlər. Son günlər yarışa bilet alan şəhər sakinlərinin sayı xeyli artıb. Bunun təbii nəticəsidir ki, artıq 3 tribunanın bütün biletləri alınıb. Digər tribunalarda da əhəmiyyətli dərəcədə doluluq müşahidə olunur. Ölkə əhalisinə müraciət edərək bidirmək istərdik ki, bilet almağa tələssinlər, əks halda sonraya bilet qalmaya bilər. Hamınıza möhtəşəm yarış həyəcanı ilə birlikdə unudulmaz əyləncə coşğusu arzulayırıq”.

Qeyd edək ki, Azərbaycan Qran Prisini yerində canlı izləmək istəyənlər üçün ümumilikdə 30 min yerlik tribuna və ayaqüstü zonalar təklif olunur.