Peddi Lou: Biz Azərbaycan Qran Prisi üçün tam hazırıq!
20 iyun 2017

“Williams” komandasının sürücülərinin Azərbaycan Qran Prisi öncəsi verdiyi açıqlamalar

Felipe Massa

“Mən həqiqətən də gözəl bir ölkəyə və şəhərin tam mərkəzində yerləşən unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm. Bu trekdə çox sayda 90 dərəcəli döngələr və 16-cı döngədən başlayaraq 1-ci döngəyədək davam edən uzun sürətlənmə düzlüyü var. Burada biz olduqca yüksək sürətə çıxırıq. Ötən il burada biz yarışda 2 xal qazanmışdıq və mənim Kanadada yarışı erkən başa vurmağımdan sonra ümid edirəm ki, biz bu il burada daha yaxşı nəticə göstərərək daha yüksək xal əldə edəcəyik”.

Lens Strol

“Bakıya səfər etmək mənim üçün tamamilə yeni bir hadisədir. Tək ona görə deyil ki, mən bu şəhərdə heç olmamışam, həm də ona görə ki, mən ötən il Bakıda baş tutan ilk Formula 1 Qran Prisini başqa bir yarışda iştirak etdiyimə görə televiziyada izləyə bilməmişəm. İndiyədək bu treklə əlaqədar simulyatorda heç bir təcrübə keçməmişəm, adətən biz yarışlara getməzdən əvvəl bunu edirik, ona görə də trek haqqında heç bir təsəvvürüm yoxdur. Treklə bağlı eşitdiklərimə görə, yeni yarış məkanı olduqca maraqlıdır və mən şəxsən bu il səbrsizliklə Bakı trekində yarışmağı gözləyirəm. Bu mənim üçün tamamilə yeni bir ölkə, yeni bir təcrübədir ki, bu da Formula 1-in məni ən çox sevindirən məqamlarından biridir. Buna baxmayaraq bu mənim üçün sonuncu “yeni” təcrübə olacaq. Belə ki, Bakı yarışından sonra Qran Prinin keçiriləcəyi digər ölkələrdə mən əvvəllər keçirilmiş yarışlarda iştirak etmişəm”.
Peddi Lou, Baş Texniki Rəhbər

“Ötən il Azərbaycanda ilk dəfə keçirilən yarış çox həyəcanlı idi və indi biz görürük ki, Bakı treki növbəti Qran Priyə daha yaxşı hazırlaşıb. Bakı Şəhər Halqası 6 km uzunluğa malik trekdir. Burada yarış saat əqrəbinin hərəkətinin əks istiqamətində keçirilir. Bəzi cəhətdən, o cümlədən quruluşu və xarakteristikası baxımından Bakı treki Kanada trekinə bənzəyir. Bu səbəbdən biz bu həftə Bakıda performans baxımından Kanadaya oxşar səviyyədə baş tutacaq yarış gözləyirik. Azərbaycan Qran Prisi mövsümün ən isti şəraitində keçən yarışlarından biridir. İyun ayında Bakıda qeydə alınmış ən yüksək orta temperatur 39 selsi-dərəcə təşkil edir. Ən yüksək performansda qala bilmək üçün həm pilotlardan, həm də komandadan böyük dözümlülük tələb olunur. Ümumiyyətlə, Bakı gözəl şəhərdir və biz ötən il burada olmaqdan böyük zövq aldıq. Felipe trekə yaxşı bələddir və hazırda ən yüksək formadadır. Bu baxımdan biz onun Kanadada yaşadığı talehsiz qəzadan sonra onda yaranmış təəssüf hissini aradan qaldıraraq yarışda layiq olduğu yerə çıxmasını təmin etməyə çalışırıq. Biz həmçinin iki həftə əvvəl Kanadada ilk Formula 1 xalını əldə edən Lens üçün də yaxşı həftəsonu gözləyirik”.