Yanvar

15

2018 Formula 1 Azərbaycan Qran Prisinə yerli medianın akkreditasiyası ilə bağlı seminar keçirildi

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində Bakıda baş tutacaq növbəti Formula 1 Azərbaycan Qran Prisinə akkreditasiyaya dair yerli media nümayəndələri üçün seminar keçirdi.

“Hilton” otelində baş tutan seminarda iştirakçılara builki yarışa medianın akkreditasiyası qaydaları haqqında ətraflı məlumat verildi və qeydiyyat prosesi ilə bağlı digər zəruri məsələlər müzakirə olundu.

Həmçinin görüş zamanı builki çempionatda nəzərdə tutulan dəyişikliklərdən söhbət açıldı və Formula 1 yarışlarını davamlı işiqlandıran jurnalistlər üçün 13-14 dekabr 2017-ci il tarixlərində keçirilmiş “Sürətin nəbzini tut-2” adlı praktiki təlimin məzunlarına sertifikatlar təqdim olundu.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Seminarda gələn yarış üçün görülən hazırlıqlardan danışan BŞH-nin Marketinq və Kommunikasiya departamentinin Media və Yayım Əməliyyatları şöbəsinin rəhbəri Ayan Ağayeva iştirakçılara akkreditasiya prosesində uğurlar arzuladı: “Dünyanın Formula 1-i işıqlandıran əksər aparıcı media qurumları tərəfindən ötən Azərbaycan Qran Prisinin ilin ən yaxşı yarışı seçilməsi bizi çox sevindirdi və bu il də oxşar uğura yiyələnərək bunu ənənəyə çevirmək üçün var gücümüzlə çalışırıq.

Yarışı ən yüksək səviyyədə həyata keçirmək qədər onu bütün Formula 1 həvəskarlarına ən gözəl şəkildə təqdim etmək də vacib rol oynayır. Bu məsələdə sizə böyük iş düşür və siz də indiyədək bunun öhdəsindən layiqincə gəlmisiniz.

Ancaq biz inkişafı davamlı etmək istəyirik. Onun üçün çalışırıq ki, yerli media nümayəndələri ən qısa zamanda bizim üçün yeni olan bu idman sahəsində beynəlxalq aləmdə ən qabaqcıl peşəkar jurnalistlərə çevrilsinlər.

Keçirdiyimiz təlim və tədbirlərdə iştirakınıza görə hamınıza təşəkkür edir, növbəti yarış üçün davam edən akkreditasiya prosesində uğurlar arzulayırıq!”

Qeyd edək ki, yerli media nümayəndələrinin 2018 Formula 1 Azərbaycan Qran Prisinə akkreditasiyası üçün son müraciət tarixi 31 yanvardır.

Akkreditasiyaya müraciət etmək istəyən media təmsilçiləri bu keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://www.bakucitycircuit.com/az/media-accreditation

01