Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb
17 fevral 2018

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin nəzərinə çatdırır ki, 27-29 aprel tarixlərində keçiriləcək 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ilkin mərhələdə yarışa xaricdən daha böyük marağın olduğunu bildirib: “Bu günə olan məlumata əsasən, ən çox bilet alan ölkələr siyahısının ilk üçlüyündə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır. Xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75 %-ni təşkil edir. İndiyədək ən çox rəğbət tribunalara olan 4 günlük biletlərə göstərilib.

Digər tərəfdən yarış həftəsonunda konsert proqramı ilə çıxış edəcək dünya ulduzlarının adlarının açıqlandığı ərəfələrdə satışlarda yüksək artımlar müşahidə olunmaqdadır. Biz ötən həftə “Jamiroquay” müsiqi qrupunun 27 aprel tarixində Kristal Zalda konsert verəcəyini elan etdik. Digər ulduzların adlarını da növbəti həftələrdə açıqlayacağıq”.

Hazırda xaricilərlə müqayisədə yerli vətəndaşlara biletlər 25 % daha ucuz qiymətə təklif olunur. Bu endirim yarışadək davam edəcək. Satışda olan biletlərlə əlaqədar ətraflı məlumatı rəsmi vebsaytımızdan əldə edə bilərsiniz: https://www.bakucitycircuit.com/az/buy-now