İyun

21

Güclü rəqiblərlə yarışmaq: Bakıda keçiriləcək Formula 2 yarışları haqqında xüsusi məqamlar

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bu il Azərbaycanda sadəcə Formula 1 yarışı keçirilmir. Əsas yarışın sessiyaları arasında baş tutacaq Formula 2 yarış sessiyaları da tamaşaçılara ən nəfəsçəkici yarış seriyalarından birini Bakıda yerində canlı izləməyə imkan verəcək.

Xatırlatma: Formula 2 yarışı Avropada geniş yayılıb. Dünyanın dörd bir yanından olan avtoidman həvəskarları Formula 2-ni Formula 1-ə keçmək üçün var qüvvəsi ilə mübarizə aparan sürücülərin ortaya qoyduğu möhtəşəm şouya görə sevirlər. Nə üçün var gücü ilə? Hər Formula 2 iştirakçısı bilir ki, bu çempionatda əldə etdiyi qələbə və podiumlardan sonra Formula 1-in uğurlu komandasından təklif ala bilər. Məhz bu səbəbdən Formula 2 pilotları daha gərgin mübarizə aparırlar və trekdə bir-biri ilə güclü rəqabət içərisində olurlar.

İldən ilə Formula 2 azarkeşlər üçün daha yaxşı şou nümayiş etdirir. Sürücülər qərarlı və təmkinlidir, bolidlər sürətlidir və mübarizə gərgindir. Hər bir pilot çempion olmaq arzusu ilə hərəkət edir və bu səbəbdən 20 yaş civarında olan ambisiyalı sürücülər üçün yarış treki əsl döyüş meydanına çevrilir. Əyləncəli deyilmi?

Ötən il Azərbaycanda keçirilən Formula 2 yarışları əsas yarış olan Formula 1 Qran Prisini kölgədə qoydu. Mübarizə çox gərgin idi ki, təhlükəsizlik maşınının 4 dəfə trekə çıxmasına ehtiyac yarandı. Bakıda keçirilən Formula 2-nin hər iki yarışında çox sayda ötmələr və qəzalar baş verdi: həqiqətən də pilotlar Bakının mərkəzi küçələrində gənclər arasında ilk dəfə baş tutan yarışı qazanmaq üçün tam köklənmişdilər.

Tezliklə Formula 1 sürücüsü kimi yarışa çıxacaq Antonio Giovinazzi 2016-cı ildə Azərbaycanda baş tutan hər iki Formula 2 yarışının qalibi oldu. Bu, Antonio üçün ilk belə böyük bir uğur idi və bu uğur onun Formula 2 üzrə çempionluq titulunu qazanmaq yolunda apardığı mübarizənin başlanğıcı sayıla bilər.

Bu il azarkeşlər dünyanın ən yaxşı pilotları arasında davam edən başqa bir gərgin mübarizəyə şahid olacaqlar. Monakolu pilot Çarles Leklerk hazırda xal baxımından liderdir. Ferrari Sürücü Akademiyasının üzvü bu il indiyədək iki dəfə Formula 2 yarışının qalibi olub və indi o yeni bir kubok əldə etməyə tam hazırdır. Britaniyalı pilot Oliver Rouland Çarlesin əsas rəqibidir. Renault Formula 1 komandasının təkmilləşdirmə pilotu xal cədvəlində hazırda ikinci sıradadır. Bunu deməyə ehtiyac yoxdur ki, Rouland rəqibi Leklerki məğlub edərək liderliyi əldə etməyə can atır.

Rusiyalı pilot Artem Markelov isə tamaşa olunacaq başqa bir pilotdur. O yarışlarda qalib ola bilmək bacarığını qətiyyətlə nümayiş etdirmiş bir pilotdur və bu səfər Markelov qələbə üçün əsas iddialı namizədlərdəndir. İtalyan Luka Giotto xal baxımından Markelovun arxasında qərarlaşıb.

Çempionatda beşinci pillə Formula 2-nin ən mübahisəli pilotu Nobuharu Matsuşitaya məxsusdur. Ötən il yaponiyalı pilot qələbəyə ac idi. O yarışlarda dəfələrlə rəqibləri ilə toqquşdu və yarışları divarlarda başa vurdu. Matsuşitanın tərzi çox ehtiyatsızcasına idi və bu səbəbdən rəsmilər onu növbəti yarışdan kənarlaşdırdı. Artıq 2017-ci ildə Nobuharu ötən ildəki kimi sürücü deyil: Yaponiyalı pilot daha çox təcrübə qazandı və həmçinin artıq ehtiyatlı davranır. Hər halda azarkeşlər bu il Bakıda Matsuşitanı sevərək izləməyi səbrsizliklə gözləyirlər.

Bu il Azərbaycanda keçirilən Formula 2 yarışının öz ulduz qonağı var. 2016-cı il çempionatının bürünc medalçısı Sergey Sirotkin sadəcə Bakı yarışı üçün Formula 2-yə qayıdır. Rusiyalı pilot “ART Gran Prix” komandasında Aleksander Albonu əvəzləyəcək. O, ötən il Bakıda baş tutan Formula 2 yarışlarının hər ikisində podiuma çıxa bilmişdi. Bu il Sergey qələbəyə iddialı olan əsas namizədlərdəndir.

Formula 2-nin ilk yarışı Bakıda iyunun 24-ü, şənbə günü yerli vaxtla günorta saatlarında baş tutacaq. Əksinə qrid düzülüşü ilə baş tutacaq ikinci yarış isə iyunun 25-i, bazar günü yerli vaxtla saat 14:00-da keçiriləcək.