May

10

Hədəfə 5-ci dəfə: 25 gün qaldı!

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

2021 Formula 1 Azərbaycan Qran Prisi üçün geri sayım başladı. Bakı Şəhər Halqası 4-6 iyun tarixlərində Formula 1-in asfalt cəngavərlərinin evinə baş tutacaq beşinci səfəri üçün hazırlıqların sonuncu mərhələsinə qədəm qoyur.

4-6 iyun 2021-ci il tarixlərində Bakı Şəhər Halqasında (BŞH) beşinci dəfə nümayiş olunacaq Formula 1 yarış həftəsonu üçün ən sürətli, ən sərt və ən gözlənilməz şəhər trekinin hazırlıqlarının sonuncu mərhələsi başlayır. Motor idmanı işıqlarının asfalt cəngavərlərinin evində göz qamaşdırmasına cəmi 25 gün qalmış Bakı Şəhər Halqası komandası Formula 1-in Covid-19 səbəbindən yaranan 2 illik fasilədən sonrakı qayıdış münasibətilə trekdə son işləri tamamlamaqla məşğuldur.

Bu ilki Formula 1 Azərbaycan Qran Prisi qapalı qapılar arxasında keçiriləcək. Bu barədə koronavirus pandemiyasından qaynaqlanan davamlı narahatlıqlar və ilk növbədə bütün azarkeşlərin, işçilərin, maraqlı tərəflərin və iştirakçıların sağlamlığı və təhlükəsizliyi nəzərə alınaraq qərar verilib.

Azarkeşlərin olmaması hər nə qədər özünü hiss etdirəcəksə də, Bakıda diqqət daha bir dünya səviyyəli yarış aksiyasını izləyicilərə çatdırmaqdan yayınmayıb. Belə ki, hal-hazırda treklə bağlı hazırlıq işləri sürətlə davam edir və artıq başa çatmaq üzrədir.

Bu günə qədər olan ən çətin şərtlərə baxmayaraq, BŞH komandası məşhur 20 döngəli, 6 km uzunluğundakı şəhər halqasının dünyanın ən böyük sürücülərini iyunun ilk günlərində Bakıda qarşılamağa hazır olacağını təsdiqləməkdən qürur duyur. Onlar əvvəlki 4 yarış ilə idman tarixinin ən əlamətdar məqamlarını təqdim etmiş bir şəhərdə daha bir inanılmaz yarış həftəsonunun olacağını vəd edir.

2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından bəri, Bakı Şəhər Halqası qısa müddətdə ən coşğulu, dramatik və gözlənilməz yarışlar təqdim edərək fanat və sürücülərin sevimlisinə çevrildi. İndiyə qədər hər yarışda 4 fərqli qalib olduğu üçün Formula 1 Azərbaycan Qran Prisinin niyə “Gözlənilməzlərin gözlənildiyi” Qran-Pri adı ilə də məşhurlaşdığı artıq hamıya aydındır.

Azərbaycanda 2021-ci ildə 5-ci Formula 1 yarışını qeyd edərkən yeni qalib görəcəyikmi?

BŞH-nın icraçı direktoru Arif Rəhimov daha əvvəl bildirmişdi: “Formula 1 ailəsini bu yay Azərbaycanda qarşılamağa hazır olduğumuzu təsdiqləməkdən məmnunuq. Bu il heyrətamiz pərəstişkarlarımızdan ötrü çox darıxacağımıza baxmayaraq, belə çətin şəraitdə gözəl şəhərimizdə belə böyük bir tədbiri ərsəyə gətirə bildiyimiz üçün qürur duyuruq. Əsas prioritetimiz tədbirdə işləyən və iştirak edən hər bir kəsin sağlamlığı və təhlükəsizliyini təmin etməklə birlikdə həm də bütün dünyanın evdən seyr edəcəyi möhtəşəm bir tamaşa təqdim etməkdir. Bakının mesajı aydındır: hazırlıqlar yerində və vaxtında gedir və növbəti ay heyrətamiz yarışımızı və şəhərimizi dünyaya yenidən nümayiş etdirmək üçün səbirsizliklə gözləyirik”.