Aprel

30

2023 FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ YARIŞINDAN SONRA MƏTBUAT KONFRANSI KEÇİRİLİB

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

30 aprel tarixində keçirilmiş 2023 Formula 1 Azərbaycan Qran Prisindən sonra qaliblər mətbuat konfransında iştirak ediblər. Konfransda yarışın qalibi “Red Bull” komandasının pilotu Serxio Peres, müvafiq olaraq ikinci və üçüncü yerlərin sahibləri - “Red Bull” komandasının digər pilotu Maks Ferstappen və “Ferrari” komandasının pilotu Şarl Lekler yarış haqqında fikirlərini bölüşüblər.

Yarışın qalibi Serxio Peres ilkin təəssüratlarını bildirdi: “Yarış həftəsonu əla keçdi, lakin həm pilot, həm mexaniklər, həm də mühəndislərin üzərində çox böyük təzyiq var idi. Məlumdur ki, Bakı şəhər halqası çox diqqət tələb edən bir trekdir.” Öz komanda yoldaşı, ikinci yerin sahibi Maks Ferstappen haqqında qeyd etdi: “İkimiz də çempionluq uğrunda mübarizə aparsaq da, hər zaman bir-birimizə dəstək olmağa çalışırıq. Deyə bilərəm ki, bu yarışda da Maksı geridə saxlamaq çətin idi. Amma buna baxmayaraq, sonda qalib olduğuma sevinirəm.”

İkinci yerin sahibi Maks Ferstappen 81-ci podiumunu 2023 Azərbaycan Qran Prisində qeyd etdi. O, yarışın gedişi haqqında ümumi fikirlərini səsləndirdi: “Düşünürəm ki, həftəsonu çox xaotik keçdi. Təkərlərə nəzarəti maksimallaşdırmağa çalışırdım və yalnız son 10 dövrədə bolidin performansı daha güclü olmağa başladı.”

“Serxio Peres ilə aranızdakı xal fərqinin azalması sizi narahat edirmi?” – sualına Maks belə cavab verdi: “Əvvəllər də bu vəziyyət ilə qarşılaşmışam. Məncə, başqasının qələbəsinə sevinməyi bilmək çox vacibdir.”

Üçüncü yerin sahibi Şarl Lekler fikirlərini bölüşüb: “Red Bull ilə aramızdakı yüksək rəqabəti və xal fərqini görə bilirəm. Amma komanda olaraq biz bu yarışda bundan daha artığına layiq idik. Bu həftəsonu qazandığıımız 6 xal komanda olaraq bizim əməyimizi əks etdirmir.”

Qeyd edək ki, Ferrari pilotu həm Bakıda ilk dəfə tətbiq olunan Sprint yarışında, həm də əsas yarışın sıralanma turunda poul pozisiyası qazanıb.

 

Serxio Peresin qalib gəlməsi ilə “Bakı sindromu” qırıldı – artıq Azərbaycan Qran Prisinin təkrar qalibi var. Belə ki, bu qələbə onun Bakıdakı sayca ikinci qələbəsidir. Peresin Bakı yarışında qazandığı podiumların sayı dördə çatdı. O, Bakıda ən çox podiuma çıxmış pilot titulunu hələ də qoruyub saxlayır.