2018 Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna start verilib
31 oktyabr 2017

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna başlayıb. Bir sıra yeniliklərin nəzərdə tutulduğu builki qəbul zamanı yarışın könüllüsü olmaq istəyən namizədlərdən xarici dil bilikləri tələb olunacaq.

Həmçinin builki hazırlıq prosesində daha çox peşəkar inkişaf yönümlü təlimlərə yer veriləcək və könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət göstəriləcək.

Gələn mövsüm keçiriləcək Azərbaycan Qran Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması nəzərdə tutulur. Müsahibə mərhələsini uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

BŞH İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova növbəti yarış mövsümünə hazırlıqların builkindən geri qalmayacağını bildirib: “Əsas məqsədimiz könüllülərimizin inkişafıdır. Biz bu istiqamətdə effektiv addımlar atmağa çalışırıq. Könüllülərin böyük əksəriyyəti Azərbaycan gəncləridir. Biz onların fərdi inkişafını təmin etməklə ölkə gəncliyinin inkişafına öz töhfəmizi verməyə çalışırıq.

Burada xüsusilə onu qeyd etmək istərdim ki, hər zaman öz üzərində işləyən və yüksək bacarıq nümayiş etdirən 50 könüllü 2017 Formula 1 Azərbaycan Qran Prisinin təşkilində məhz işçi kimi çalışmaq şansı əldə etdi və bu işdə onlar özlərini tam doğrultdular. Bu, bizim və könüllülərimizin uğurudur. Həmçinin yarışdan əvvəl və yarış zamanı yüksək əzmkarlığı ilə seçilən ən fəal 5 könüllü İtaliya Qran Prisində iştirak etmək imkanı qazandı.

Bakı Şəhər Halqası Akademiyası könüllülərin yalnız yarışlara yüksək səviyyədə hazırlanmasına deyil, eyni zamanda onların karyera baxımından da inkişaf edib uğur qazanmasına dəstək göstərir. Bu il də akademiyada könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə maraqlı seminarlar və danışıq klublarının təşkilini nəzərdə tutmuşuq.

Əminliklə deyə bilərəm ki, bu il könüllülərimizi çox sayda sürpriz gözləyir. Fürsətdən istifadə edərək yarışa öz töhfəsini vermək istəyən hər bir kəsi könüllülər proqramına qoşularaq Formula 1 yarışının təşkili işində yaxından iştirak etməyə dəvət edirəm!”

Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisində iştirak üçün azı 16 yaşında olmaq, İngilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), gərgin rejimdə işləyə bilmək və güclü həvəs və əzmkarlığa sahib olmaq tələb olunur. Şərtləri ödəyən hər bir şəxs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər. Proqram haqqında daha ətraflı məlumatı 012 404 13 83 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.