Mart

02

Simulyatorda F1 çempionatının Füzuli yarışı baş tutub

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında “Sənin sürət formulan” devizi altında keçirilən simulyatorda Formula 1 çempionatının Füzuli yarışında 9-cu sinif şagirdi Hüseyn Eyvazov fərqlənib.

Regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində keçirilən tədbirlərin ilk günü - fevralın 28-də AAF mütəxəssisləri Horadiz şəhərinin 1, 2, 3 saylı və Əhmədalılar kənd tam orta məktəblərindən 200-dək 9-11-ci sinif şagirdinə yol hərəkətinin təhlükəsizliyi mövzusunda təlimlər veriblər. Təlimlərin sonunda məktəblilərə müvafiq sertifikatlar təqdim olunub. Həmçinin eyni gün simulyatorlar rayon ictimaiyyətinin istifadəsinə açıq olub.

Martın 1-də isə təlimlərdə iştirak edən yuxarı sinif şagirdləri arasında simulyatorda Formula 1 yarışı keçirilib. Yarış zamanı Bakı Şəhər Halqasını 1 dəqiqə 50 saniyəyə (1:50:468) dövrə vuran şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Hüseyn Eyvazov bu göstərici ilə iştirakçılar arasında ən sürətli nəticəyə yiyələnərək çempionatın Füzuli yarışının qalibi olub.

01

Novruz bayramı ərəfəsində Bakıda keçiriləcək final mərhələsinə iştirak haqqı qazanan H.Eyvazov qalibiyyəti haqqında belə danışıb: “Yol hərəkətinin təhlükəsizliyinə dair keçirilən təlimlərdə iştirak etdim. Qaydalarla yaxından tanış oldum. Eyni zamanda həmin gün simulyatorlarda bir neçə dəfə sınaq yürüşü etdim. Bu baxımdan yarış günü üçün bir qədər hazırlıqlıydım və həyəcanım da demək olar ki, yox idi. Qələbə qazandığım üçün çox sevincliyəm və Bakıda keçiriləcək final yarışında rayonumuzu yüksək səviyyədə təmsil etməyə çalışacağam”.

Tədbirin təşkilatçılığında yaxından iştirak etmiş Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qənimət Əliyev regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində baş tutan tədbirləri yüksək qiymətləndirib: “Formula 1 çempionatında Füzuli rayonunun da yer alması bizim üçün çox sevindirici haldır. Füzuli sakinləri regionlarda keçirilən oxşar tədbirlərdə hər zaman böyük fəallıq nümayiş etdiriblər. Bu dəfə də rayon sakinləri yüksək maraq göstərdilər.

Digər tərəfdən, gənclərimiz də təlimlərdə iştirak edərək yol hərəkətinin təhlükəsizliyi barəsində ətraflı şəkildə məlumatlandılar. Belə tədbirlərin keçirilməsi gənclərimizin dünyagörüşünü artırmaqla yanaşı onların cəmiyyət içində məsuliyyətli gənc kimi formalaşmasına böyük töhfə verməkdədir”.

Qeyd edək ki, çempionat çərçivəsində ümumilikdə 6 regionda yarış keçiriləcək. İndiyədək Lənkəran, Şirvan və Füzulidə müvafiq yarışlar baş tutub. Növbəti yarışlar isə ardıcıllıqla Mingəçevir, Qax və Qubada keçiriləcək.

Simulyatorları daşıyan treyler martın 3-də Mingəçevirdə olacaq və həmin gün simulyatorlar şəhər sakinlərinin istifadəsinə veriləcək. Bununla yanaşı, şəhər məktəblərinin yuxarı sinif şagirdlərinə yol hərəkətinin təhlükəsizliyinə dair təlimlər keçiriləcək. Martın 4-də isə bu təlimdə iştirak etmiş məktəblilər arasında simulyatorda F1 yarışı baş tutacaq.