“Mən möhtəşəm və heyranedici Marşallar komandasının yenidən bir hissəsi olmaqdan böyük qürur duyuram”
13 iyun 2017

Azərbaycan Qran Prisində iştirak edəcək texniki təftiş marşalı 45 yaşlı Steven Lanq ilə müsahibə.

Zəhmət olmasa əvvəlki marşallıq təcrübəniz haqqında məlumat verərdiniz.

Texniki təftiş marşalı olaraq ilk dəfə 2014-ci ildə Qətərin Losail Beynəlxalq Halqasında keçirilmiş yarışda iştirak etmişəm. Bu, Qətərin Supervelosiped Yarışları Seriyasına aid yarış idi. Yarışın tam içində, Pit Yolunda və qarajlarda olduğum üçün həmin işimdən böyük zövq almışdım. Təhlükəsizlik və texniki tənzimləmələrlə bağlı göstərişlərin yerinə yetirilməsində köməklik göstərdiyimə və həmçinin yeni dostlar qazana bildiyimə görə bu təcrübədən doyunca zövq aldım. Həmin il Qətərdə baş tutmuş bir neçə yerli yarışda texniki təftiş vəzifəsini icra etdim və ilk dəfə beynəlxalq yarış olan 2015-ci il Qətər MotoGP yarışında texniki təftiş marşalı olaraq çalışmaq fürsətinə nail oldum. Bundan sonra mən daha böyük yarışlara yönəldim və 2015-ci ildə Bəhreyndə keçirilmiş Gulf Air Formula 1 Qran Pri yarışına seçilmək mənim üçün böyük üstünlük oldu. Eyni istəklə karyerama davam etdim və həmin il Abu Dabi Formula 1 Qran Prisinə seçildim. Bu il Bakıda keçirilən Azərbaycan Qran Prisində iştirak edəcəyəm və bu mənim qatıldığım sayca 6-cı Formula 1 yarışıdır.

Ötən il Bakı Şəhər Halqasında (BŞH) marşal olmusunuzmu?

Bəli, mən 2016-cı ildə Bakıda ilk dəfə keçirilmiş Formula 1 Avropa Qran Prisində böyük həyəcanla iştirak etdim və bu yarışın bir hissəsi olduğum üçün özümü şanslı sayıram. Bu, mənim Bakıya ilk səfərim idi. Hava limanına enəndən etibarən məni böyük qonaqpərvərliklə qarşıladılar və mən şahid oldum ki, Azərbaycan xalqı dünyanın ən mehriban insanlarıdır. Həmin yarış həftəsonu mən Haas Formula 1 komandasının qarajında texniki təftiş marşalı olaraq fəaliyyət göstərdim.

2016 Formula 1 Avropa Qran Prisi haqqında məlumatı hardan öyrəndiniz və bu yarışa necə müraciət etdiniz?

2015-ci ilin sonlarına doğru, mən internetdə Bəhreyndən texniki təftiş marşalları komandasının Bakıda ilk dəfə keçiriləcək Qran Pri yarışına hazırlıq çərçivəsində BŞH-nin əlaqədar marşallarına məsləhət, rəhbərlik və texniki təftiş xidmətləri üzrə dəstək verəcəyi barədə məqalə oxudum. Bu mənim üçün böyük fürsət idi. Çox sayda email, telefon zəngləri və hətta Skype vasitəsilə keçirilən müsahibədən sonra məni həmin yarış üçün seçdiklərini bildirdilər.

Bakıya yenidən səfər edəcəyinizə görə həyəcanlısınızmı?

Həqiqətən də çox həyəcanlıyam. Ötən il mən Qətərdəki bəzi zəruri işlər səbəbindən Bakıda tələb olunan minimal müddət ərzində qala bildim. Lakin bu il mən yarış həftəsonundan bir neçə gün əvvəl gəlirəm ki, Bakı ilə, onun tarixi və müasir arxitekturası ilə yaxından tanış olum (İxtisasca memaram). Bundan başqa, texniki təftiş komandasının üzvləri ilə görüşməyi və onlarla ötən ilki yarışın xatirələrini yada salmağı səbrsizliklə gözləyirəm.

Ötən ilki Qran Pri yarışı ilə bağlı bizimlə bölüşə biləcəyiniz hər hansı bir xatirəniz varmı?

Əlbəttə, var! Mənim üçün yarış həftəsonunun ən möhtəşəm və yaddaqalan anlarından biri çempionlara kubokun verilmə mərasimində iştirak etmək idi. Yarışın uğurla keçirilməsindən yaranmış böyük sevinc burada iştirak edən hər kəsin üzündə əks olunurdu. Yüzlərlə üçrəngli bayrağın qürurla dalğalandırılması da bu sevincə daha böyük coşğu qatırdı. Belə bir ab-hava içərisində olmaq sadəcə möhtəşəm idi.

İkinci məqam o idi ki, cümə günü axşam işdən sonra yeni trekdə yürüş etdim və treki yaxından müşahidə elədim, xüsusən də sürücülərin gözündən (ən azından onlar kimi). Bu il iyunun 23-ü, cümə günü yenə eyni vəzifəni icra edəcəyəm!

Sonuncu məqam ondan ibarətdir ki, Haas Formula 1 komandası öz qarajında bolidləri və texniki heyəti ilə birlikdə mənimlə şəkil çəkdirdilər. Bu, mənim üçün böyük ayrıcalıq oldu.

Bakımız, trekimiz və marşallarımız haqqında təəssüratlarınız necədir?

Xəzər dənizinə mənzərəsi Bakı çox maraqlı və modern olmaqla yanaşı taxiri bir şəhərdir.

Eynilə trek də uzun sürətlənmə düzlükləri və qala divarlarının yanından keçən dar və dolanbaclı hissəsi ilə tamaşaçıların zövqünü oxşayır. Bakı Şəhər Halqası Formula 1-in builki təqvimində yer alan treklər içərisində ikinci ən uzun trekdir və bu baxımdan əminəm ki, sürücülərlə yanaşı azarkeşlər də Bakıda baş tutacaq yarışı mövsümün ən baxımlı yarışlarından biri hesab edirlər.

Marşallara gəldikdə isə, ötən ilki yarış həftəsonundan qalan möhtəşəm anları yada salmaq olduqca əyləncəlidir. Keçən ilki müşahidələrimə görə deyə bilərəm ki, bütün marşallar işlərini ən yüksək səviyyədə yerinə yetirdilər və eyni zamanda yaxşı əylənə də bildilər.

Bizimlə söhbətə vaxt ayırdığınız üçün təşəkkür edirik. Söhbəti başa vurmazdan əvvəl öz salamlarınızı və ürək sözlərinizi demək istəyərdinizmi?

Məni ikinci dəfə qonaq etdiyinə görə Bakı sənə çox təşəkkür edirəm. Mən möhtəşəm və heyranedici Marşallar komandasının bir hissəsi olmaqdan böyük qürur duyuram. Sonda və hər şeydən əvvəl, mən 2017 Formula 1 Azərbaycan Qran Prisində iştirak edən hər kəsə yaxşı, uğurlu və yaddaqalan yarış arzulayıram.