İyun

16

Red Bull komandasının pilotları Bakı yarışını səbrsizliklə gözləyirlər

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Red Bull komandasının pilotları Daniel Rikkardo və Maks Ferstappen Bakı Şəhər Halqasında yarışmağı həyəcanla gözləyirlər.

Maks Ferstappen: “Bakı mənim yaddaşımda xüsusi şəhər treki olaraq qalıb. Bu trek çox geniş hissələrlə yanaşı çempionatın bütün trekləri içərisində ən dar hissəyə də sahib olmaq baxımından unikaldır. Trekin 2-ci bölməyə düşən hissəsi Monakoda olan dar hissədən daha ensizdir və həmçinin burada yarışmaq olduqca çətindir. İçərişəhərə tərəf sürmək və Qala qapılarının yanından keçmək əyləncəli olmaqla yanaşı həm də çətindir. Lakin tamaşaçı olaraq burada yarışı izləmək olduqca maraqlıdır. Trekin bu hissəsi ən çox sevdiyim yerdir. Sürətlənmə hissələrində sürətli olursan, lakin bu hissələrdə bolid uzun müddət eyni tempdə getdiyindən sənə müəyyən dərəcədə rahatlıq verir.
Qaldığımız otel çox gözəl və yeni olmaqla yanaşı həm də Paddok ərazisinin tam yanında yerləşir. Ötən il çıxıb ətrafı gəzmək fürsətim olmamışdı. İçərişəhər ətrafında sürmək olduqca əyləncəlidir və bu il bir axşam vaxt edib həmin yeri ziyarət etmək və daha yaxından tanış olmaq istəyirəm”.

Daniel Rikkardo: “Bu il mən şəhəri daha çox gəzib-görmək istəyirəm. Qaldığım otel çox rahatdır, trekin tam yanında yerləşir. Lakin bu o deməkdir ki, sən trekə getmək üçün çox yol qət etmirsən və buna görə də ətrafda nələrin olduğundan xəbərsiz olursan. Otelin ən yuxarı mərtəbəsindən ətrafa çox gözəl mənzərə açılır. Otelin idman zalından bütün şəhəri və treki aydın şəkildə müşahidə edə bilmək olduqca maraqlıdır.

Bakı trekində sürmək çox əyləncəlidir və mən səbrsizliklə burada yenidən yarışmaq istəyirəm. Şəhər treklərində yarışmağı sevdiyimə görə istənilən şəhər treki bu baxımdan mənim üçün həyəcanvericidir. Əslində bu tip treklər bizim bolidlərimiz üçün tam uyğun deyil, lakin bununla belə bu treklərdə yarışmağın bizim üçün üstünlük yaradan yönləri də mövcuddur. Bakı treki göründüyü kimi çox ensiz hissələrə malikdir və digər treklərlə müqayisədə bu trekdə daha çox sayda döngələr var. Qala divarlarının yanından keçən bəzi hissələr yarışı daha da çətinləşdirir və həmin ensiz hissəyə digər treklərdə rast gəlmirsən. Sürətlənmə düzlüyü çox uzundur və düşünmək üçün sənə imkan verir. Texniki cəhətdən bu düzlük döngələr qədər vacibdir, çünki həqiqətən də sənin yarış zamanı diqqəti cəmləməyə çox ehtiyacın olur”.