Aprel

19

2023 FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ ÜÇ REKORDA İMZA ATDI!

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Yeddinci Bakı yarışında ilk dəfə olaraq bu rekordlara imza atılır!

“Gözlənilməzə hazır ol” şüarı altında keçirilən 2023 Formula 1 Azərbaycan Qran Prisi bu il də yeni rekordlara imza atmağa davam edir.  

Birinci rekord: Azərbaycan Qran Prisi tarixində 2023-cü il ötən altı il ilə müqayisədə bilet satışının ən yüksək səviyyəyə çatdığı yarış kimi seçilir.

İkinci rekord: Ötən illərdə keçirdiyimiz altı yarışla müqayisədə bu il 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində ilk dəfədir ki, 100-dən çox fərqli ölkədən azarkeşlər ölkəmizi ziyarət edəcəklər. Bu rəqəm Bakı yarışının tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bu o deməkdir ki, dünya üzərində mövcud 193 ölkənin yarısından çoxu öz ölkəsini məhz Bakı yarışında təmsil edəcək. Bu rekord da, öz növbəsində, beynəlxalq arenada 2023 Formula 1 Azərbaycan Qran Prisinə olan böyük marağın və diqqətin göstəricisidir.

Üçüncü rekord: son altı illə müqayisədə ilk dəfə olaraq Azərbaycana Qran Prini izləməyə gələn əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatdı.

Azarkeşlərin Bakı yarışına olan böyük marağı nəticəsində Sahil, Abşeron “B” sektoru, Filarmoniya tribunalarından sonra Muğam və Bulvar tribunalarına olan biletlər tamamilə satılıb. Beləliklə, adıçəkilən bu tribunalara yerlərin satılması ilə biletlərin 90 faizi satılıb. Paytaxtımızın yeddinci dəfə ev sahibliyi edəcəyi həyəcanlı Formula 1 yarışı üçün biletlər sürətlə satılır və son iki həftədə artıq sadəcə son tribunalarda az sayda yerlər qalıb.

BŞH-nın milli mətbuat katibi Turab Teymurov azarkeşləri həyəcanın maksimum həddə olacağı bu yarışda yerlərini əvvəlcədən tutmağa səsləyir: “Biletlərin tükəndiyi tribunalarla birlikdə bilet satışının sürətlə davam etdiyinə çox sevinirik. Hər kəsə məlumdur ki, Formula 1 Azərbaycan Qran Prisi gözlənilməzlərlə dolu bir yarışdır və görürük ki, Bakı yarışının bu xüsusiyyəti bilet satışlarında öz əksini tapır. Avtoidmanının zirvəsi sayılan Formula 1-in şəhərimizə qayıtmasına cəmi iki həftə qalıb. Bütün F1 azarkeşlərini yenidən Bakıda salamlamağı səbirsizliklə gözləyirik, onları burada daha bir möhtəşəm yarış həftəsi gözləyir. Odur ki, çox gec olmadan biletlərinizi əldə etməyə tələsin!

Azarkeşlərin sevimli şəhər yarışı olan Formula 1 Azərbaycan Qran Prisi həm trekdə, həm də trekdən kənarda onlara fasiləsiz adrenalin və əyləncə yaşatmağı vəd edir. Cari mövsümün ilk sprint yarışı məhz Bakıda keçiriləcək və avtoidman həvəskarları dünya ulduzları DJ Don Diablo və Hardwell tərəfindən baş tutacaq əsas konsertlərdən zövq ala biləcəklər.  

Bənzərsiz yarış həyəcanını yaşamaq istəyənlər biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər:

 

·   28 Mall

·   Gənclik Mall

·   Heydər Əliyev Sarayı

·   Kiosk 1 (Azərbaycan kinoteatrı)

·   Kiosk 2 (Nizami küçəsi)

·   ASAN 1

·   ASAN 2

·   ASAN 3

·   ASAN 4

·   ASAN Sumqayıt

 

Əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi ilə əlaqə saxlamağınız kifayətdir.