İyun

05

Şarl Lekler və Maks Ferstappen 2021 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasının “Yaşıl Strategiya” təşəbbüsünü dəstəkləyib

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Asfalt cəngavərlərinin evində poul mövqeyində yarışacaq pilot Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin “5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” münasibətilə keçirdiyi aksiyaya qoşulub.

“Scuderia Ferrari” komandasının pilotu Şarl Lekler və “Red Bull Racing”-in pilotu Maks Ferstappen bu gün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov ilə birlikdə “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”-nü qeyd etmək və 2021 Formula 1 Azərbaycan Qran Prisinin “Yaşıl Strategiya” təşəbbüsünü dəstəkləmək məqsədilə keçirilən aksiyaya qoşulublar.    

Bu gün keçirilmiş sıralanma turunda 3-cü olan Maks Ferstappen və Formula 1 yarışlarının qızğın rəqabətli və sürprizlərlə dolu trekində sabah keçiriləcək əsas yarış üçün ilk yeri - poul mövqeyini təmin edən Şarl Lekler Muxtar Babayev və Arif Rəhimov ilə birlikdə trekin ətrafında sərv ağacı əkiblər. Bu aksiya əməliyyat şirkətinin daha yaxşı və daha yaşıl gələcəyə verdiyi əhəmiyyətin təcəssümüdür. 

Bakı Şəhər Halqası “Yaşıl Strategiya” təşəbbüsünə 2019-cu ilin sonlarında start verib. Burada məqsəd gələcək Formula 1 yarışlarında dayanıqlı materiallardan istifadəni genişləndirmək ilə yanaşı Azərbaycanın paytaxtı Bakıda yarış həftəsonları ərəfəsində tədbirdə yer alan digər biznes qurumlarına yeni imkanlar təqdim etməklə tullantıların azaldılmasında onların da yaxından iştirakını təmin etməkdir. Bu fəaliyyəti ilə əməliyyat şirkəti Formula 1-in müvafiq dayanıqlılıq proqramını yerli səviyyədə icra etməyə çalışır. Bu proqramda bütün yarış tədbirlərinin 2025-ci ilə qədər tamamilə dayanıqlı olması qarşıya məqsəd qoyulub. 

Bu gün təşkil olunan ağacəkmə aksiyası da BŞH-nın son iki ildə şəhərdə daha çox ağac əkmək, yaşıllığı artırmaq, öz heyəti, təchizatçıları və azarkeşlər üçün dayanıqlı həyat tərzini təbliğ etmək istiqamətində davamlı fəaliyyətinin tərkib hissəsidir.  

Tədbir zamanı çıxış edən Arif Rəhimov aksiya ilə bağlı belə deyib:  “Gözəl Bakımızda keçiriləcək 5-ci Formula 1 yarışı ərəfəsində Şarl Lekler və Maks Ferstappenin bu gün bizə dəstək verməsi bizim üçün böyük şərəfdir. Biz Formula 1-də işləyən hər kəslə eyni hədəflərə köklənmişik və bizim sonrakı nəsillərin daha yaşıl və dayanıqlı gələcəyə sahib olması məsələsində çox ciddi öhdəliklərimiz var. Bakı Şəhər Halqası olaraq inanırıq ki, iqlim dəyişikliyinin gözəl planetimizə vurduğu ciddi zərərin təsirini azaltmaq istiqamətində çalışmaq hər birimizin vəzifə borcudur. Ona görə də sabahkı növbəti möhtəşəm yarışa hazırlaşdığımız bir ərəfədə, hər kəsi daha parlaq gələcək naminə qüvvələrimizi səfərbər etməyə, tullantılarla mübarizə aparmağa və “Yaşıl Strategiya”-nı sadəcə dəstəkləməklə kifayətlənməyib bu yolda əməli işlər görməyə səsləyirəm”.  

Hədəfə 5-ci dəfə

Çempionluq uğrunda çox ciddi mübarizənin aparılacağı yarışlarda həyəcanın zirvədə olması fonunda “Asfalt cəngavərlərinin evi” son iki ildə ilk dəfə Formula 1 yarışına növbəti dəfə ev sahibliyi edəcək. Maks Ferstappen və onun “Red Bull Racing” komandasının keçən həftə Monokada keçirilən yarışda Luis Hamilton və “Mersedes” komandasına qalib gələrək xal cədvəlində ilk pilləyə yüksəlməsi bu yarışın əhəmiyyətini daha da artırır.  

Bakıda keçirilən yarış Formula 1 tarixinin ən yaxşılarından olan bir pilot ilə onun yerinə iddialı olan gənc sürücü arasında uzun müddətdir davam edən mübarizədə yeni dönüm nöqtəsi ola bilərmi? Bəlkə qeyri-adi olduğu qədər bağışlanmaz səhvləri sevməyən bu trekdə başqa bir “asfalt cəngavəri” qalib gələcək?  

2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən indiyə qədər baş tutan bütün yarışlarda fərqli qalib çıxardan Bakı Şəhər Halqası qısa müddət ərzində möhtəşəm, dramatik və gözlənilməz yarışlar təqdim edərək azarkeş və pilotların sevimli trekinə çevrildi.

Azərbaycanda keçirilən Formula 1 yarışlarının 5-ci ildönümündə bu il biz yenə fərqli qalib görə biləcəyikmi? Bunu öyrənməyimizə bir gün qalıb!