
Mercedes pilotu Kimi Antonelli Madriddə yeni şəhər trasında ilk dəfə təşkil olunan İspaniya Qran-prisində qələbə qazanıb.
İtaliyalı pilot karyerasında səkkizinci qələbəsini əldə edib və çempionatdakı liderliyini daha da möhkəmləndirib. Maks Ferstappen (Red Bull) ikinci, Lando Norris (McLaren) isə üçüncü olub.
Sərbəst yürüşlərdə Mercedes pilotları daha sürətli olsalar da, sıralama turunda son saniyələrdə ən yaxşı nəticəni Norris göstərərək poulu qazanıb. Antonelli onunla birlikdə ilk cərgədən start götürüb. Ferstappen və Lyuis Hemilton ikinci, Şarl Lekler və Corc Rassell isə üçüncü cərgədə yer alıblar.
Norris startdan sonra liderliyini qoruyub. Ferstappen Antonellini ötərkən şikananı kəsdiyi üçün mövqeyini geri qaytarmalı olub. Nəticədə Maks əvvəlcə Kimini, daha sonra Hemiltonu önə buraxıb. Bir qədər sonra Hemiltonun bolidində əyləc problemi yaranıb və yeddiqat dünya çempionu mübarizəni dayandırıb.
14-cü dövrədə Lens Strollun (Aston Martin) trasda dayanması yarışın gedişinə ciddi təsir edib. Virtual təhlükəsizlik avtomobili rejimindən istifadə edən əksər pilotlar pit-stopa yollanıblar. Norris isə həmin anda pit-leynin girişini artıq keçdiyindən dayanacağını iki dövrə sonra edib. Pit-stop zamanı təkər tapançasında yaranan problem britaniyalıya əlavə vaxt itkisi bahasına başa gəlib və o, trasa beşinci mövqedə qayıdıb.
Hələ pit-stop etməyən Lekler bu müddətdə liderliyə yüksəlib. Ferrari pilotunun pit-stopundan sonra isə Antonelli Ferstappen və Norrisin önünə keçib.
Yarışın ikinci yarısında Norris Ferstappenlə fərqi tədricən azaldıb və 42-ci dövrədə Red Bull pilotuna bir saniyədən də az məsafəyə yaxınlaşıb. Ancaq yeni şəhər trasında ötmə imkanlarının məhdud olması McLaren pilotuna hücum etmək imkanı verməyib.
Antonelli finişədək liderliyini qoruyaraq Montsadakı qələbədən sonra ardıcıl ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, italiyalı pilotun Formula 1 karyerasında səkkizinci qələbəsi olub. O, şəxsi hesabda ən yaxın izləyicisi Rassellə xal fərqini 81-ə çatdırıb.
Ferstappen finiş xəttini ikinci keçib, Norris isə üçüncü yeri tutub.
Formula 1 üzrə dünya çempionatı iki həftə sonra Bakıda keçiriləcək Azərbaycan Qran-prisi ilə davam edəcək. Bu il Azərbaycan Formula 1 yarışına 10-cu dəfə ev sahibliyi edəcək.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency