Bir neçə gün əvvəl 75 illiyini qeyd edən Formula 1 Dünya Çempionatı ənənəvi Avropa mərhələsinə İmola trasında start verib. İlk yarış 1950-ci ilin mayında Silverstounda keçirilsə də, bu həftəsonu komandalar və azarkeşlər İmolada bir araya gəlib. Enzo və Dino Ferrarilərin adını daşıyan əfsanəvi avtodromda gərgin mübarizə baş tutub.
Altı səfər yarışından sonra ikihəftəlik fasilədən yararlanan komandalar İmolaya yeniliklərlə gəliblər. Cümə sərbəst yürüşlərinin ilk sessiyasında əsas diqqət yeniliklərin yoxlanılmasına yönəlib, nahardan sonra isə təkər tərkiblərinin effektivliyi sınaqdan keçirilib. Çempionat lideri Oskar Piastrinin protokollara başçılıq etməsi ilə hər iki sessiyada “McLaren”in sürücüləri üstünlük göstərib. Şənbə günü son məşqlərdə Lando Norris komanda yoldaşını az fərqlə qabaqlayıb.
Nahardan sonra keçirilən sıralanma turu yerli azarkeşləri məyus edib. Çempionatda yeganə italiyalı sürücü Andrea Kimi Antonelli doğma trasda son sessiyaya vəsiqə qazana bilməyib. “Ferrari” komandası isə yalnız ikinci sessiyadan sonra mübarizəni dayandırıb. Son sessiyada poul uğrunda gərgin mübarizə gedib və Oskar Piastri mövsümdə üçüncü poulunu qazanıb. Avstraliyalı sürücü son cəhdində “Red Bull” komandasından Maks Ferstappeni üstələyib. İkinci cərgəni “Mercedes” komandasından Corc Rasl və “McLaren” komandasından Lando Norris tutub.
Bazar günü əsas yarış ilk döngələrdə həlledici anlarla yadda qalıb. Maks Ferstappen Tamburello döngəsində cəsarətli manevrlə liderliyi götürüb və yerli azarkeşləri sevindirib. Yarış boyunca taktiki mübarizə davam edib, erkən pit stop Oskarı geri salsa da, təkər dəyişməyən Maks və Lando üstünlüyü qoruyublar. Esteban Okonun maşınındakı problem səbəbi ilə Virtual Təhlükəsizlik Maşını (VTM) rejimi aktivləşdirilib, bu vəziyyətdən istifadə edən Maks və Lando ara məsafəsini çoxaldıblar. Lakin daha sonra həqiqi Təhlükəsizlik Maşınının gəlişi ilə mübarizə neytrallaşdırılıb.
TM-in trası tərk etməsindən sonra mübarizə bir daha qızışıb və restartdan sonra Maks liderliyini qoruyub. Azarkeşlər son on dövrədə çoxsaylı ötmələrə şahidlik ediblər. Geridə Oskar və Lando arasında gərgin mübarizə davam edib və Lando komanda yoldaşını qabaqlayıb. “Ferrari” azarkeşləri isə Lyuis Hemiltonun — 7 qat Dünya çempionunun irəliləməsindən razı qalıblar. O dördüncü yerə yüksəlib.
Yarışı birinci tamamlayan Maks Ferstappen mövsümdə ikinci, karyerasında isə 65-ci qələbəsini qazanıb. İmolada ardıcıl dördüncü qələbə “Red Bull” komandasının 400-cü yarışını qeyd etməsi üçün xüsusi hədiyyə olub. Podiumda “McLaren”dən Lando Norris və Oskar Piastri yer alıblar. Lyuis Hemilton “Ferrari”də ən yaxşı nəticəsini göstərib. “Williams”dan Aleks Elbon beşinci, “Ferrari”dən Şarl Lekler isə altıncı yeri tutub.
Qələbədən sonra Maks Ferstappen (124 xal) çempionatda “McLaren” sürücüləri ilə arasındakı fərqi azaldıb. Maks, Oskar Piastridən 22 xal, Lando Norrisdən isə 9 xal geridədir. “Mühəndislər Kubokun”da isə “McLaren” komandasının böyük üstünlüyü davam edir.
Mübarizə bu həftə avtoidmanın brilyant qaşı hesab olunan Monako Qran Prisində davam edəcək.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency