Aprel

30

SERXİO PERESİN QALİB GƏLMƏSİ İLƏ “BAKI SINDROMU” QIRILDI

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bu, meksikalı pilotun Bakıdakı ikinci qələbəsidir

Paytaxtımızda yeddinci dəfə keçirilmiş Formula 1 Azərbaycan Qran Prisinin qalibi “Red Bull” komandasının pilotu Serxio Peres olub. “Red Bull” komandasının digər pilotu Maks Ferstappen və Ferrari komandasının pilotu Şarl Lekler müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.

Bakı yarışı yenə maraqlı anları ilə yadda qalıb. Yarışın lap əvvəlindən, ikinci dövrəsindən “Haas” komandasının pilotu Kevin Maqnussenin bolidinin ön qanadı zədələnərək sarı bayrağın dalğalanmasına səbəb olub. Daha sonra hazırki dünya çempionu Maks Ferstappen dördüncü dövrədə Ferrarinin pilotu Şarl Lekleri keçərək liderliyi ələ ala bilib.  

On ikinci dövrədə “Alpha Tauri” komandasının pilotu Nik De Vris Bakıdakı ilk yarışından kənarda qalıb. Təhlükəsizlik maşınına səbəb olan bu hadisədən sonrakı yarış restartında Serxio Peres komanda yoldaşı Ferstappeni ötərək yarışın ön cərgəsinə yüksəlib. Yarışın 37-ci dövrəsində “Alfa Romeo” komandasının çinli pilotu Cou Quanyu texniki səbəblərdən yarışı dayandırmalı olub.

Serxio Peresin qalib gəlməsi ilə “Bakı sindromu” qırıldı – artıq Azərbaycan Qran Prisinin təkrar qalibi var. Belə ki, bu qələbə onun Bakıdakı sayca ikinci qələbəsidir. Bu qələbə Peresin Bakı yarışında qazandığı sayca dördüncü podiumdur. O, Bakıda ən çox podiuma çıxmış pilot titulunu hələ də qoruyub saxlayır.

İkiqat dünya çempionu Maks Ferstappen 93 xalla yarış cədvəlinə liderlik edir. Peresi komanda yoldaşından altı xal ayırır. Yarış cədvəlinin üçüncü yerdə qərarlaşan pilotu isə 60 xalla “Aston Martin” komandasından Fernando Alonsodur.

 

01

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisinin müqaviləsinin müddəti uzadılıb. Yeni müqaviləyə əsasən Bakıda 2026-cı ilədək Formula 1 yarışlarının keçirilməsi nəzərdə tutulub.