Avropada kartinq çempionatlarında uğurla çıxış edən azərbaycanlı pilot ilə görüş keçirilib
30 Dekabr 2019
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Bakı Şəhər Kartinq Mərkəzinin (BŞKM) dəstəyi ilə bu mərkəzdə Avropanın bir sıra kartinq çempionatlarında böyük uğur qazanmış 14 yaşlı azərbaycanlı pilot Cəmil Həsənli Rocerslə görüş təşkil edib.

Bu il onun karyerasında ən uğurlu il olub. Belə ki, o, güclü rəqabət şəraitində “Super One, British Karting & BNL (Belçika) Çempionatları”nda ən sürətli pilotlar arasında olmuşdur. O, “Super One” çempionatının 8 yarışından 5-də qaliblər podiumuna yüksələrək bu çempionatı ümumi hesabla 3-cü yerdə başa vurub.

Görüşdə gənc kartinq həvəskarlarının və media nümayəndələrinin suallarını cavablandıran C.Rocers ən böyük hədəfinin Formula 1-də yarışmaq olduğunu bildirib: “İlk dəfə 8 yaşımdaykən kartinqə maraq göstərmişəm. Bu yarış barədə jurnalda qarşılaşmışdım və ordan həvəsim yaranmışdı. Artıq 6 ildir ki, kartinqlə məşğulam.

Bu il Böyük Britaniyanın “Super One” kartinq çempionatını 3-cü pillədə başa vurmuşam. Bu, mənim indiyədək qazandığım ən böyük uğurdur. Bir il də kartinqlə məşğul olduqdan sonra gücümü Formula 4-də sınamaq istəyirəm. Bunun üçün böyük vəsait tələb olunur və buna görə də intensiv şəkildə sponsor axtarışındayam. Ən böyük hədəfim Formula 1-də mübarizə aparmaqdır.

Valideynlərim başda olmaqla ətrafımda olan hər kəs məni kartinqdə yarışmağa ruhlandırır. Xüsusən də məni daha çox çalışmağa bu yarışdakı böyük rəqiblərim həvəsləndirirlər. Hər dəfə yarışanda yeganə istəyim odur ki, daha yaxşı nəticələr ortaya qoyaraq onları üstələyim”.

Yeniyetmə pilot avtomobil idmanı ilə yanaşı, DJ sənətinə maraq göstərdiyini bildirib: “Yarış xaricində ən çox musiqi fəaliyyəti ilə məşğul oluram. Yarışdan sonra evə gələrək otağıma çəkilib DJ-lik edirəm və sevdiyim mahnıları dinləyirəm. Bu şəkildə dincəlməyə, mənən rahatlamağa çalışıram”.

Görüş zamanı təşkilatçı qismində iştirak edən BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, BŞKM-nin rəhbəri Cəmil Tağıyev və bu mərkəzin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnarə Əliyeva təmsil etdiyi qurumların ölkədə avtoidmanın inkişafına və yerli pilotların hazırlığına dair gələcək planları barədə çıxış ediblər.

Xatırladaq ki, Su İdmanı Sarayının ərazisində yerləşən Bakı Şəhər Kartinq Mərkəzi (BŞKM) Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə 22 aprel, 2018-ci il tarixində istifadəyə verilib. Ölkədə avtoidman mədəniyyətini inkişaf etdirmək və beynəlxalq yarışlara yerli kadrlar hazırlamaq məqsədilə yaradılmış bu mərkəzin xidmətindən 7 yaşından yuxarı hər kəs faydalana bilər. Mərkəz kartinq həvəskarları arasında mütəmadi olaraq yarışlar keçirir və bununla yanaşı, gələcəkdə yerli kadrların hazırlanması məqsədi ilə azyaşlılar üçün peşəkar pilot məktəbi fəaliyyat göstərir.

Media nümayəndələri ilə görüşdən sonra C.Rocers mərkəzin pilot məktəbinin iştirakçıları ilə kartın sükanı arxasında yarışa çıxıb. Yarışda Bakı Şəhər Kartinq Mərkəzinin tələbəsi Rüstəm Vəliyev 57,774 saniyə göstərici ilə birinci olub. C.Həsənli (58,015) ikinci, İsa Hüseynov (58,146) isə üçüncü yeri tutub. C.Rocers rəqiblərinin peşəkarlığını və yarış qabiliyyətini yüksək qiymətləndirərək birinci yerə çixan Rüstəm Vəliyevə öz adından hədiyyə təqdim edib.