
Red Bull pilotu Maks Ferstappen Malayziyada keçirilən Bəhreyn Qran-prisinin qalibi olub. Bu, niderlandlı pilotun cari mövsümdə ilk, Formula 1 karyerasında isə 72-ci qələbəsidir. Kimi Antonelli (Mercedes) ikinci, Lyuis Hemilton (Ferrari) isə üçüncü yeri tutub.
Bəhreyn Qran-prisinin əvvəlcə aprel ayında keçirilməsi nəzərdə tutulsa da, regionda baş verən hərbi münaqişə səbəbindən yarış təxirə salınıb. Nəticədə mərhələ Malayziyadakı “Sepang” trasında təşkil olunub. Formula 1 sonuncu dəfə bu trasda 2017-ci ildə yarış keçirib.
Cümə günü sərbəst yürüşlərdə Ferstappen və Şarl Lekler ən yaxşı nəticələri göstəriblər. Şənbə günü səhər isə Kimi Antonelli hamıdan sürətli olub. Sıralama turunda Ferstappen poulu qazanaraq həm özü, həm də Red Bull üçün mövsümdə ilkə imza atıb. İlk cərgədən onunla birlikdə Hemilton, ikinci cərgədən isə Antonelli və Lekler start götürüblər.
Yarışın startına az qalmış Sepangda güclü yağış başlayıb. Əlverişsiz hava şəraiti səbəbindən start təxminən bir saat yarım gecikib.
Hələ tam qurumayan trasda startdan sonra Antonelli liderliyi ələ keçirib, Ferstappen isə bir neçə mövqe itirib. Trasın vəziyyəti yaxşılaşdıqca Maks itirdiyi mövqeləri geri qaytarmağa başlayıb və altıncı dövrədə ikinci yerə yüksəlib. Bir qədər sonra Valtteri Bottasın trasdan çıxmasından sonra təhlükəsizlik avtomobili trasa daxil olub və bütün pilotlar slik təkərlərə keçiblər.
Restartdan sonra Ferstappen Antonellini ötərək liderliyi ələ keçirib. Kimi isə mübarizəni davam etdirərək daha sonra komanda yoldaşı Corc Rasselli ötüb və yenidən ikinci yerə yüksəlib.
Yarışın ikinci yarısında Ferstappen liderliyini nəzarətdə saxlayıb, Antonelli və Rassell isə ilk üçlükdəki mövqelərini qoruyublar. Uğursuz startdan sonra mövqelərini tədricən yaxşılaşdıran Hemilton 40-cı dövrəyə qədər beşinci yerə yüksəlib.
43-cü dövrədə Aleks Albonun trasda dayanmasından sonra əvvəlcə virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunub, ardınca isə təhlükəsizlik avtomobili trasa çıxıb. Liderlərin əksəriyyəti fürsətdən istifadə edərək təkərlərini dəyişiblər. Mübarizə bərpa olunduqdan az sonra Rassell güc qurğusunda yaranan problem səbəbindən trasda dayanaraq yarışı başa vurmalı olub. Onun mübarizəni dayandırması Hemiltona podium uğrunda mübarizəyə qoşulmaq imkanı verib. Ferrari pilotu 53-cü dövrədə İsaak Hadjarı ötərək üçüncü yerə yüksəlib.
Ferstappen restartdan sonra liderliyini qoruyub və yarışı qələbə ilə başa vurub. Antonelli ikinci, Hemilton isə üçüncü olub.
Ferstappen karyerasında 72-ci qələbəsini qazanaraq bir komandanın heyətində əldə olunan qələbələrin sayına görə Mixael Şumaxerə çatıb. Bu qələbə həm də Red Bull Ford mühərriki üçün Formula 1-də ilk olub. İkinci yeri tutan Antonelli çempionatda Rassell üzərindəki üstünlüyünü 84 xala çatdırıb.
Formula 1 üzrə dünya çempionatı gələn həftə Sinqapurda keçiriləcək gecə yarışı ilə davam edəcək.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency