İyun

24

Azərbaycan Qran Prisinin ilk günündə bütün rəqiblərini məğlub edən Maks Ferstappen sonda qəza törədib

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bakı Şəhər Halqasında baş tutan qızğın yarış zamanı digər bolidlər baryerlərlə toqquşarkən Red Bull komandasının sürücüsü Maks Ferstappen hər iki sərbəst yürüşdə ən yüksək nəticə göstərib.

2017 Formula 1 Azərbaycan Qran Prisinin ilk günü sürprizlər, qəzalar və həyəcan dolu anlarla yadda qaldı. Maks Ferstappen üçün isə bu həyəcan qəribə bir hiss idi. Hollandiyalı sürücü Bakı Şəhər Halqasında yüksək sürət nümayiş etdirsə də, bu sürət ona uğur gətirmədi. Yarışın sonuna doğru Ferstappen trekin birinci döngəsində bolidi ilə divara çırpılaraq qəza etdi.

Red Bull komandası yarışın əvvəlindən əla start götürdü. Maks Ferstappen və komanda yoldaşı Daniel Rikkardo səhər saatlarında keçirilən ilk sərbəst yürüşdə bütün rəqiblərini məğlub etdilər. Çempion Sebastian Fettel yarışı onlardan yarım saniyə geridə qalaraq 3-cü, Luis Hamilton isə 5-ci yerdə başa vurdu.

Yarışın yaddaqalan məqamlarından biri də Serxio Perezin 8-ci döngədə etdiyi qəza oldu. İçərişəhərin Qala Qapıları qarşısında qəza törədən Force India komandasının sürücüsü Perez bu məğlubiyyətə qədər yarış sıralanmasında 4-cü yerdə idi.

İkinci sessiya sürücüləri daha çətin sınağa çəkdi. Sürücülərin bir çoxu tez-tez səhvlərə yol verərək baryerlərə toxunurdular. Kimi Raykkonen az qala Luis Hamiltonla toqquşacaqdı ki, son anda Mercedes komandasının sürücüsü qəzadan yayınmağı bacardı. Colion Palmer ikinci sessiyada daha çox səhvlərə yol vermiş sürücü kimi yadda qaldı. Britaniyalı sürücü yarışı İçərişəhərin yanındakı divarda başa vurdu.

Ferstappen yenə yüksək sürət nümayiş etdirsə də, bu dəfə adını Perez və Palmer kimi qəza edən sürücülər siyahısına yazdırdı. Valteri Bottas yarışı 2-ci, Daniel Rikkardo isə 3-cü yerdə tamamladı.

Sərbəst yürüşlər arasındakı fasilədə Formula 2-nin sıralanma turu baş tutdu. Xatırladaq ki, Formula 2, Formula 1 yolunda irəliləyən gənc sürücülər arasında keçirilən aşağı seriyalı avtoidman yarışıdır. Ferrari Sürücü Akademiyasının yetirməsi Şarl Lekler Nobuharu Matsuşita və Nikolas Latifini geridə qoyaraq pol pozisiyaya yiyələndi.
Günün ən unudulmaz anlarından biri də Tarkanın iştirakı ilə baş tutan konsert proqramı idi. Məşhur müğənni Bakı Şəhər Halqasının tamaşaçılar üçün nəzərdə tutulmuş zonasında təşkil olunan konsertdə Formula 1 həvəskarları qarşısında ən sevilən mahnılarını ifa etdi.