İyun

25

Sürətli və qəzəbli: Bakıda çempionatın indiki liderlərinin toqquşduğu gərgin yarışda Rikkardo qələbə qazandı

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

2017 Formula 1 Azərbaycan Qran Prisi yarış zamanı baş verən çox sayda sürprizlər, qəzalar və ötmələrlə mövsümün ən baxımlı yarışı ünvanına sahib oldu.

Formula 1 pilotları Azərbaycan Qran Prisinin sonuncu günündə gərgin mübarizə ilə dolu möhtəşəm şou nümayiş etdirdilər. Bakıda xaotik keçən yarışın qalibi Red Bull komandasının pilotu Daniel Rikkardo oldu. Kim bunu yarışın əvvəlində proqnoz verə bilərdi ki?

Avstraliyalı pilot start düzülüşündə yarışa 10-cu yerdə başladı və tezliklə təkər dəyişmək üçün pitə qayıtdı. Yarış başa çatdıqdan sonra “Mən 17-ci yerdən gəlib ən önə keçdim” – deyə Rikkardo bildirdi və bununla da Bakıda hər bir şeyin ola biləcəyini sübuta yetirdi. Daniel bütün təhlükələrdən özünü kənarda saxladı, bolidi sürətli sürdü və sonda fərqinə vardı ki, o bütün rəqiblərini ötərək 2017 Formula 1 Azərbaycan Qran Prisinə liderlik edir.

Valteri Bottasın mübarizəsi isə daha sürətli idi. Finlandiyalı pilot yarışın başlanğıcında Kimi Raykkonenlə toqquşdu, bu səbəbdən pitə qayıtdı və bolidin ön qanadını dəyişdirdi. Yarışın müəyyən məqamında Bottas 18-ci yerdə qərarlaşmışdı, ancaq o heç bir zaman mübarizəsinə son qoymadı. Digər pilotlardan bir dövrə geridə qalan vaxtdan yarışın sonunadək amansız mübarizə aparan Valteri Bottas son məqamda Lens Strolu keçərək qələbə xalını artıra bildi. Bottas rəqibi Strolu sonuncu dövrənin axırıncı sürətlənmə düzlüyündə ötə bildi və beləliklə də 2-ci pilləyə yüksəldi. Formula 1-in 18 yaşlı kanadalı yeniyetmə pilotu mövsüm ərzində özünün ən yaxşı performansını sərgiləyərək yarışı 3-cü yerdə başa vurdu.

Çempionatda ən öndə rəqabət aparan Sebastian Fettel ilə Luis Hamilton müvafiq olaraq 4-cü və 5-ci yerlərə yiyələndilər. Bu onlar üçün asan seçim olmadı. Yarışın əvvəlində Hamilton öndəydi, Fettel isə onu arxadan çox yaxın məsafədə təqib edirdi. Təhlükəsizlik maşınını arxasında hərəkət etdiyinə görə Hamilton sürətini yavaşlatmağa məcbur oldu. Elə bir məqam gəldi ki, Hamiltonun ani yavaşlaması səbəbindən Fettel bolidi ilə Mercedesə arxadan toxundu. Bundan sonra Sebastian bolidini Luisin yanına sürərək təkərləri ilə Mercedesi yana sıxdı. Xoşbəxtlikdən hər iki bolid də trekdə yarışa davam edə bildi, lakin Fettelin bu hərəkəti iki möhtəşəm çempionun ehtiramlı rəqabətinə son qoydu.  

Stüardlar Fetteli toqquşmaya səbəb olduğu üçün cərimələdilər, Luis Hamilton isə bolidin zədəli yerini bərpa etmək üçün pit-stop etmək məcburiyyətində qaldı. Yarışın sonunda Fettel 4-cü, Hamilton isə 5-ci yerə yiyələndi. Hər ikisi çox qəzəbli idi. Britaniyalı pilot əmin idi ki, rəqibi daha böyük cəriməyə layiqdir, almaniyalı pilot isə nə üçün həmin cəriməyə məruz qaldığını tam anlaya bilmədi.

Səhər saatlarında baş tutan Formula 2 yarışı isə bu qədər ziddiyətli deyildi. Çempionatın lideri Şarl Lekler trekdə ən sürətli pilot idi, lakin o bunu qələbəyə çevirə bilmədi. Monakolu pilot yarışa 8-ci yerdə start verdi, sonra 10-cu pilləyə gerilədi və ondan sonra sürətini artıraraq ilk sırayadək yüksəldi. Lekler hamını bir-bir ötüb keçdi, ancaq ən ön mövqeni qazanandan sonra stüardlar sarı bayrağın göstərişinə əsasən sürəti azaltmadığına görə onu cərimələdilər. 10 saniyəlik cərimədən sonra Lekler 2-ci pilləyə gerilədi. Fransalı Norman Nato Bakı Şəhər Halqasında Formula 2 üzrə baş tutan ikinci yarışın qalibi adına yiyələndi.

Bakı Şəhər Halqasında səs-küylü keçən yarışlardan sonra dünya ulduzu Meraya Keri dənizkənarı bulvarda yerləşən böyük səhnədə Formula 1 azarkeşləri qarşısında ən çox sevilən mahnılarını ifa edərək yarış həftəsonunun möhtəşəm bağlanışını etdi.