İyun

05

2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində şəhər sakinlərinin fasiləsiz hərəkəti təmin olunacaq

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bir daha ictimaiyyətin diqqətinə çatdırır ki, şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər.

Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və bununla yanaşı piyadalar trekin müəyyən yerlərində quraşdırılacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq Prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 17-i gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün qismən bağlı olacaq. Bütün nəqliyyatın hərəkəti iyunun 19-u gecə saat 01:00-da tamamilə dayandırılacaq və bu məhdudiyyət iyunun 27-i səhər saat 06:00-da aradan qaldırılacaq.

Formula 1 Şəhərciyinin olduğu Milli Dənizkənarı Parkın bir hissəsi - Azneft dairəsindən başlayaraq Dəniz Vağzalını əhatə edən ərazi iyunun 19-u gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün, iyunun 20-i saat 12:00-dan etibarən isə bu ərazilərdə yaşayan sakinlər üçün bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 26-ı səhər saat 08:00-da aradan qaldırılacaq.

Yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 22-i saat 14:00-dan etibarən daxil ola biləcəklər. Bu günlər ərzində şəhər sakinləri sadəcə Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcək.

Qeyd edək ki, nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər (1), ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər (2) aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən iyunun 9-dan başlayaraq iyunun 19-dək təqdim olunacaq.

Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər.

Məlumat üçün bildirək ki, 1-ci zonaya aid nişanlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən, 2 və 3-cü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunacaq. 1-ci zonaya dair ətraflı məlumat almaq üçün 497-52-46 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 2 və 3-cü zonalara aid ətraflı məlumatı isə 492-98-14 və 492-09-02 telefon nömrələri ilə əlaqə saxlamaqla Bakı Şəhər İcra Hakimiyyətindən ala bilərsiniz.

1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Azneft dairəsi, 2-ci zonaya giriş Rəşid Behbudov küçəsi və 3-cü zonaya giriş Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.
1-ci zonada yaşayan və müvafiq nişana sahib şəhər sakinləri Qış Parkında yerləşən yeraltı parklanma sahəsindən pulsuz şəkildə istifadə edə biləcəklər.

Nəqliyyatın fasiləsiz hərəkəti üçün təyin olunan alternativ yollarla xəritədə tanış ola bilərsiniz. Bu xəritədə həmin yollar mavi rənglə göstərilib. Həmin küçələrdə nəqliyyatın hərəkətinə icazə verilsə də, bu yerlərdə parklanma qadağan olunacaq. Qırmızı rənglə göstərilən küçələrdə isə iyunun 19-u gecə saat 01:00-dan etibarən iyunun 27-i saat 06:00-a qədər nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

Xəritəni YÜKLƏ

FORMULA 1 AZERBAIJAN GRAND PRIX