İyun

20

Niko Hulkenberq: İçərişəhərin dar küçələrində yarışmaq çox maraqlıdır!

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Monrealda keçirilmiş Qran Pridə yüksək çıxış nümayiş etdirərən Niko Hulkenberq yarışı xalla başa vurdu. Almaniyalı pilot Formula 1 çempionatındakı ən yüksək sürətli şəhər trekində bu həftəsonu baş tutacaq növbəti Qran Pri yarışında qazandığı xalları artırmaq niyyətindədir.

Kanadada keçirilmiş yarışda yenidən xallara qayıtmağı necə qiymətləndirirsiniz?

Ümumiyyətlə Monreal yarışı çox yaxşı keçdi. Sıralanma turunda uğurla çıxış etdik və yarışda bolidin gücündən sonunadək yararlandıq və bizim üçün yaxşı olan 4 xalı əldə etdik. Yarış boyunca adətən tək yarışdım, bəzi anlarda Lans Strol və Kevin Maqnussenlə sıx rəqabətdə oldum və bu, çox əyləncəli idi. Komandamız çox gözəl iş ortaya qoydu və təbii olaraq bunun mükafatını aldı. Biz getdikcə böyük irəliləyiş ortaya qoyuruq. Bolidimizin geniş yarış imkanları var və biz onları kəşf etməliyik. Bu bizi ruhlandırır və mən Bakıda növbəti dəfə yarışmağı səbirsizliklə gözləyirəm.

Bakı hansı cəhəti ilə cəlbedicidir?

Bakı Şəhər Halqası Formula 1 çempionatında yer alan ən yeni trekdir və bu baxımdan biz hələ də bu trekə uyğunlaşmağa çalışırıq. İçərişəhərin dar küçələrində yarışmaq maraqlıdır, lakin trekə tam uyğunlaşmaq müəyyən vaxt tələb edir. Mən adətən yeni treklərə, yeni sərhədlərə tez uyğunlaşa bilirəm. Bakı çox eqzotik məkandır və burada yarışmaq bir qədər fərqlidir. Trekin ətrafında gözəl mənzərəyə sahib tarixi binalar var. Daşdan olan tarixi qala divarları trekdə müəyyən kor zona yaradır və bu cəhətdən trek unikaldır, Monaka treki ilə müqayisədə bu hissə daha dardır.

İstiqamət müəyyənləşdirmək baxımından bu trek çətindirmi?

Bəzi hissələrdə divarlar mövcuddur, buna görə də daha cəsur çıxış ortaya qoymaq vacibdir. Tamaşaçılar üçün yaxşı mənzərə var və həmçinin yüksək sürət də azarkeşlərin ürəyincədir. Çempionatda olan şəhər trekləri arasında ən sürətlisidir. Uzun, DRS istifadə olunan sürətlənmə düzlüklərində ötmələr mümkün olacaq. Bu trekdə olan kəskin, 90 dərəcə bucaqlı döngələri sürətlənmə düzlükləri izləyir. Bu baxımdan mən burada yenidən yarışmağı səbirsizliklə gözləyirəm. Qoşa qala divarlarının ətrafında 8-10-cu döngələr arasında yerləşən hissə geniş bolidlər üçün çətinlik yaradacaq.

Ötən il Bakıda ilk dəfə keçirilmiş Formula 1 yarışdan nə xatırlayırsınız?

Ötən il Bakı Şəhər Halqasında ilk dəfə yarışdığımıza görə trek və onun ətrafında olanlar bizim üçün tanış deyildi. Lakin mən çox gözəl yarış həftəsonu keçirdim. Sıralanma turunu 12-ci sırada başa vurdum və Qran Pri zamanı mövqeyimi bir neçə pillə yaxşılaşdıraraq yarışı 9-cu yerdə tamamladım və iki xal qazandım. Mən ötən ilki ilk sərbəst yürüşü xatırlayıram. Başqa treklərlə müqayisədə Bakı Şəhər Halqası özünəməxsusdur və eyni zamanda hər bir trekə aid bəzi xüsusiyyətlərə də sahibdir. Bu baxımdan Bakı trekində yarışmaqdan böyük zövq aldım. Ötən ilki yarış həftəsonundan çox razı qaldım və ümid edirəm ki, son vaxtlar əldə etdiyimiz yaxşı performans ilə bu il keçən ildəkindən daha yaxşı yarış nümayiş etdirə biləcəyik.