İyun

22

Cümə axşamı keçirilmiş mətbuat konfransı: Formula 1 pilotları Bakı Şəhər Halqası haqqında nə dedilər?

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bir neçə Formula 1 pilotu Azərbaycan Qran Prisi, komanda tapşırıqları və xal uğrunda gərgin mübarizə barəsində olan düşüncələrini konfrans iştirakçıları ilə bölüşdülər

Biz bu həftə yenidən şəhər trekindəyik. Kimi, bir neçə yarış əvvəl sən Monakoda pol pozisiyasını qazandın. Burada özünü necə hiss edirsən?

Kimi Raykkonen: Təəssüf ki, bunun hər hansı bir zəmanəti yoxdur. O keçmişdə baş verdi. İndi isə biz tamamilə fərqli bir trekdəyik. Burada Monakoya məxsus oxşarlıqlar yoxdur, lakin bolidimiz hər bir trekdə güclüdür. Gözləyək görək nə baş verir və ümid edirəm ki, mən yenə də ön sırada ola biləcəyəm. Baxaq növbəti səfər nə baş verir.

Bu həftəsonu Monakoda olandan daha sərt təkərlərlə yarışa çıxırsan. Bu məqam Ferrari ilə Mercedes AMG arasındakı rəqabətə necə təsir göstərəcək?

KR: Az və ya çox, hər yarışda bir-birimizə çox yaxınıq. Burada trek fərqli olduğundan təkər seçimlərinin də müxtəlif olması təəccüblü deyil. O halda ki, təəccüblənərəm, bir komanda digəri ilə arasında böyük məsafə açsın.

Kanadada baş vermiş texniki problemlərdən sonra artıq bunların tamamilə aradan qaldırıldığına inanırsanmı?

KR: Xeyr (gülür). Bu daima barəsində rahat olacağın bir məqam deyil. Bir neçə dəfə biz şanssızlıqla üzləşdik və bunlar pis vaxtda baş verirsə, əlbəttə ki, işlər də yolunda getməyəcək. Ən azından biz yarışı tam başa vuraraq xal qazana bildik. Düzü bu düşündüyüm ideal vəziyyət deyil, ancaq bəzən işlər belə də olur.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Kimi, Ferrari ilə Mercedes arasındakı rəqabət olduqca güclüdür. Sən 2007-2008-ci illərdə Ferraridə yarışdığın vaxtlarda sənə edilən kimi indi də Sebastiana eyni dəstəyi göstərəcəksənmi?

KR: Komanda daxilində nəyə icazənin verildiyinə və komandanın bizdən nəyi tələb edə biləcəyinə dair qəti qaydalar var. İşlər bu qaydalara əsasən aparılır. Komanda daxilində nə danışdığımızı burada demək niyyətində deyiləm. Biz bilirik ki, işlər hər iki istiqamətdə gedə bilər və bunda heç bir problem yoxdur. Əgər çempionluq uğrunda riyazi cəhətdən hər hansı bir şansım yoxdursa, o zaman Sebastiana böyük məmnuniyyətlə kömək edərəm. Bununla bağlı hər hansı bir problem yoxdur. Bizim komandada olan hər kəs üçün bu çox sadə bir qərardır. Əgər Sebastian qələbə qazanırsa və mənim qalibiyyət üçün heç bir şansım yoxdursa, onda dediyim kimi davranacağam. Birinci məsələ komanda üçün çalışmaqdır və həmçinin komandamızı mümkün olan ən yaxşı mövqeyə qaldırmaqdır.

Stoffel, heç yarışmadığın bir trekə necə hazırlaşdığın barədə bizə məlumat verə bilərsənmi? Fernando bu haqda sənə məsləhətlər veribmi?

Stoffel Vandorn: Hər bir yarışdan əvvəl hər zaman etdiyim kimi indi də trekə simulyatorda hazırlaşmışam. Simulyator da reallığa çox yaxın olduğundan çalışdım ki, çox dövrə vurum. Ötən il burada keçirilən GP2 və Formula 1 yarışlarını izləmişəm. Hazırlığım bundan ibarətdir.

Yarışdan gözləntilərin nələrdir?

SV: Burada biz çox yüksək sürətə çıxa bilirik. Bu baxımdan bura Kanada trekinə bənzəyir, ona görə də çox böyük gözləntilərim yoxdur. Lakin biz əlimizdən gələni edəcəyik. Bizim bu həftəsonu tətbiq olunacaq bir neçə cəriməmiz var, bu da arzuolunan vəziyyət deyil.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bildiyimiz kimi, Fernandonun da bəzi cərimələri var...

SV: Mənim də cəriməm olacaq, buna görə də böyük ehtimalla hər ikimiz qridin arxa hissəsindən yarışa start verəcəyik.

Gələcəkdə McLarenin mühərriklə əlaqədar hansı şirkətlə əməkdaşlıq etməyini istəyərdiniz?

SV: Əlbəttə bu barədə qərar vermək mənə aid olan məsələ deyil. Biz mövsümə yaxşı başlanğıc edə bilmədik və ona görə də hər kəs üçün indiki vəziyyət xoş bir hal deyil. Biz yenidən güclənmək istəyirik və çox əminəm ki, komandamız düzgün istiqamətdə gedir. Ümidvaram ki, müəyyən vaxt sonra biz güclü rəqabət apara biləcəyik.

Daniil, ötən il burada yarışa 6-cı yerdə start verdin. Bu il də sıralanma turunda sonuncu sessiyaya qalacağına inanırsanmı?

Daniil Kvyat: Şərtlər nə qədər oxşar olsa da, keçən illə bu il çox fərqlənir. Bu trek çempionatdakı digər treklərlə müqayisədə ən uzun sürətlənmə düzlüyünə sahibdir. Bu düzlük bizə sərf eləmir, ancaq çalışacağıq ki, dövrə üzrə yaranacaq vaxt itkisini minimallaşdıraq.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Karlos Saynzla aranızda olan problemləri necə həll elədin?

DK: İkiqat cərimə barəsində biz əlaqədar şəxslərlə, o cümlədən Çarli Vaytinq və Jan Todtla bağlı qapılar arxasında görüş keçirdik. Həmin məsələ barəsində bütün məqamlar müzakirə olundu. Danışıqların çox müsbət nəticəsi oldu. Artıq hər şey aydındır. Dediyin digər məsələ barəsində onu deyə bilərəm ki, biz danışılanları öz aramızda sırr kimi qoruyub saxlamağa çalışırıq. Ən azından mən belə davranacağam.

Valteri, sərt təkərlərin bu həftəsonu komandanızın işinə yarayacağını düşünürsənmi?

Valteri Bottas: Xeyr, bunun heç bir yolla bizə köməyi olmayacaq. Təkərlər hamı üçün eynidir, lakin məsələ onları yarışa necə uyğunlaşdırmağımızdır.

Bu il Bakı Şəhər Halqasında bir dövrəyə sərf olunacaq vaxtla bağlı düşüncələriniz nələrdir?

VB: Hesab edirəm ki, bu il biz dövrə başına daha az vaxt sərf edəcəyik, çünki dövrələrdə daha sürətliyik.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Komanda rəhbərin Toto Volf ötən həftə dedi ki, sən indiki vəziyyətinlə bağlı narahatsan, çünki gələn il üçün hələ də müqavilən yoxdur. Belə vəziyyətdə özünü narahat hiss edirsənmi?

VB: Mən buna adi yanaşıram, çünki indiyədək Formula 1-də olduğum hər il eyni vəziyyəti yaşamışam. Mövsümün bu mərhələsində gələn illə bağlı hər hansı bir dəqiqlik yoxdur. Mənə görə bu, normal bir vəziyyətdir. Tələsməyə ehtiyac yoxdur.

Roman, Haas komandasında iştirak etdiyin müddətdə ilk dəfədir ki, ardıcıl olaraq üç yarışda xal qazanırsan. Hara qədər belə getmək fikrin var?

Roman Qrojan: İlk ildən etibarən biz sabitlik nümayiş etdirik, komanda inkişaf edir və yaxşı strategiya quraraq Kanadadakı kimi performans cəhətdən qənaətbəxş olmayan yarışlarda belə nəyəsə nail ola bilirik. Qərarlı strategiya və bir qədər də şans nəticəsində biz xal qazana bildik. Biz çox yol qət etmişik. Arxaya hər baxdığımda gördüyümüz işlərə görə komandam və şəxsim adına çox sevinirəm. Çünki mən komandanın ilk günündən etibarən buradayam. Komanda quruculuğunda yaxından iştirak etməyin başqa zövqü var.

Yarışla bağlı danışarkən qeyd etdin ki, Bakı Monako və Montsanın qarışığından ibarətdir. Bununla nə demək istəyirdin?

RQ: Bakıda trekin birinci hissəsində sürətlənmə düzlüyü var, onun ardınca böyük təzyiqlə əyləcə basırsan və sonra Montsada olduğu kimi yavaş sürətli döngələrlə hərəkəə davam edirsən. Yüksək sürət və stabilliyi qorumaq çox vacibdir. 5-ci döngədən etibarən trekin daha çətin hissələri gəlir: qeyri-rəvan, enişli-yoxuşlu, dar və yenidən enişli-yoxuşlu hissələr, bunlar Monakoda gördüyümüz döngələri xatırladır. Bolidi bütün bu məqamılara görə uyğunlaşdırmaq olduqca çətindir.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Ferrariyə hamıdan əvvəl məhz sənin keçəcəyini düşünürsənmi?

RQ: Yaxşı sualdır. Cavabını bilmirəm. Həyatımız sürprizlərlə doludur. Valteriyə sorussaydınız ki, ötən dekabrda nə fikirləşirdin, o deyəcəkdi ki, növbəti il yenidən Williamsda yarışacağam. Sonra görürsən ki, dünya çempionunun bolidindəsən. Sədəcə bir zənglə. Bəzən özümü pis hiss edirəm, çünki qazanmağı çox sevirəm.