İyun

06

Hədəfə 5-ci dəfə: Peres Bakıda qalib oldu! 5 yarış. 5 fərqli qalib.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Serxio Peres asfalt cəngavərlərinin evində Red Bull Racing komandası ilə ilk qələbəsini qazandı

Bu il Formula 1 Azərbaycan Qran Prisi Bakıya hələ çox müddət yaddaşlarda qalacaq yarışla geri döndü. Çəkişmələrlə yaddaşlara həkk olunan gərgin yarışın qalibi Red Bull Racing komandasının pilotu Serxio Peres oldu. Bununla da, Bakı Şəhər Halqasında keçirilən 5-ci yarışın beşinci fərqli qalibi meydana çıxdı. Dünyaca məşhur meksikalı pilot finiş xəttini Aston Martin komandasından Sebastian Fettel və AlphaTauri pilotu Pyer Qaslidən öncə keçərək hər zaman gözlənilməzi reallığa çevirən Bakı yarışında podiumun zirvəsində yer almağı bacardı.

Sıralanma turunda poul pozisiyasını qazanmış Scuderia Ferrari komandasının pilotu Şarl Lekler yaxşı başlanğıc etdi və asfalt cəngavərlərinin evində 2 ildən sonra ilk dəfə olaraq yarışa lider kimi başladı. Lakin çox keçmədi ki, Mercedes komandasının pilotu Luis Hemilton yarışda irəli çıxdı. Daha sonra onu ardıcıllıqla çemiponatdakı rəqibi Maks Ferstappen ilə onun komanda yoldaşı Serxio Peres ötüb keçdilər. Belə ki, Red Bull komandasının pilotları yeddi qat dünya çempionundan öncə pit-stop etmişdilər.

Red Bull sürücülərinin Mercedes pilotu Hemiltonun önündə yarışa davam etməsi ilə yanaşı digər maraqlı məqamlardan biri  Aston Martin komandasının pilotu, 4 qat dünya çempionu Sebastian Fettelin  yarışa 11-ci yerdə başlayıb ön sıralara yüksələrək yarışı ilk üçlünün dərhal arxasında, 3-cü yerdə bitirməsi idi. 

Onun komanda yoldaşı Lans Stroll Bakı trekinin məşhur sürətlənmə düzlüyündə bolidinin təkərlərinin partlaması nəticəsində qəzaya uğradı. Özü xəsarət almasa da, baryerlərə çırpılaraq yarışı tərk etməyə məcbur oldu və yarış qısa müddətliyinə dayandırıldı. 

Yarışa yenidən start verildikdən sonra Red Bull pilotları Hemiltondan öndə qalıb yarışa liderlik edirdilər ki, gözlənilməz şəkildə Ferstappenin bolidinin arxa sol təkəri Strollun qəzaya uğradığı düzlükdə sıradan çıxdı və nəticədə hollandiyalı pilot yarışı tərk etməli oldu. Xoşbəxtlikdən xəsarət almasa da bu, onun dünya çempionu titulu uğrunda apardığı mübarizəyə təsirsiz ötüşməyəcək və bu qəza gənc Formula 1 ulduzunun yaddaşında uzun müddət qalacaq.

Ferstappenin qəzası nəticəsində qaldırılmış qırmızı bayraqdan sonra yarışa yenidən start verildi. Geriyə gərgin iki dövrə qalmış elə bir təəssürat yarandı ki, Hemilton birinci dövrəni tamamlamağa az qalmış Peresi keçməyə müvəffəq olacaq. Lakin trekdə qalmış yeganə Red Bull pilotu son iki dövrəni Hemiltonun səhvindən sonra ikinci yerə çıxa bilmiş Fetteldən öncə başa vura bildi. Şarl Lekleri ustalıqla keçə bilmiş Pyer Qasli isə üçüncü yerdə qərarlaşdı.

İki ildən sonra Formula 1-in Bakıya qayıdışını qeyd etməyə layiq bir yarış idi!