İyun

12

Maks Ferstappen Bakıdakı ilk qələbəsinə imza atdı

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

12 iyun tarixində baş tutan 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen olub.

Bakı yarışı yenidən özünəməxsus həyəcan dolu anları ilə yadda qalıb. Belə ki, yarışa ön cərgədən başlayan “Scuderia Ferrari” komandasının pilotu Şarl Lekleri ilk döngədə Ferstappenin komanda yoldaşı Serxio Peres qısa zamanda keçməyə nail olub.

Az sonra isə Ferrari fanatlarının Bakıda ikili podium arzusu puça çıxıb. Doqquzuncu dövrədə Ferrari komandasının pilotu Karlos Saynz mühərriyin sıradan çıxması səbəbilə yarışı dayandırmalı olub. Mövsüm boyu Ferrari komandasının texniki problemləri bu yarışda da özünü büruzə verib və Saynzın artıq üçüncü dəfə bolidin texniki problemləri səbəbilə yarışdan kənarda qalmasına gətirib çıxarıb.

Yarışın on beşinci dövrəsində hazırkı dünya çempionu Ferstappen ustalıqla həmlə edərək komanda yoldaşı Peresi ötüb keçməyə nail olub. İyirmi birinci dövrədə isə Ferrari komandasının yarışda mübarizəni davam etdirən yeganə pilotu Leklerin bolidi tüstülənərək onu yarışı yarıda dayandırmağa məcbur edib.

Daha üç komandanın – Alfa Romeo”, “Haas” və “Aston Martin” komandalarının pilotları Çjou Quanyu, Kevin Maqnussen və Lans Stroll da yarışdan kənarda qalmışlar.

İkinci yerdə qərarlaşan Serxio Peres yarışın sonuna qədər mövqeyini qoruyaraq yarışı ikinci başa vurub və Mercedes” komandasından Corc Rassel isə finiş xəttini üçüncü keçib. Peres eyni zamanda yarışın ən sürətli dövrəsini vuraraq bir ekstra xalı da hesabına yazdıra bilib.

Ötən ilki yarışın bitməsinə üç dövrə qalmış qəza etmiş Maks Ferstappenin möhtəşəm qayıdışı ilə “Bakı sindromu– Bakı trekində hər il fərqli pilotun qalib gəlməsi ənənəsi davam edir.

Maraqlıdır ki, Bakı yenidən rekordların qırıldığı treklərdən biri kimi yadda qalıb. Belə ki, Bakıdakı  qələbəsi ilə niderlandlı pilot Red Bull komandası tarixində ən çox podium qazanmış (66) pilot olaraq dörd qat dünya çempionu Sebastian Fettelin rekordunu qırmağa müvəffəq olub.

Ferstappen Bakı qələbəsi ilə yarış cədvəlinə liderlik edir və hazırda komanda yoldaşı Peres ilə çempionluq uğrunda mübarizə aparır. Hazırda meksikalı pilotu Ferstappendən 21 xal ayırır.

 

01