İyul

11

2024-cü il Formula 1 Azərbaycan Qran Prisinin tarixi bəlli olub

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Avtoidman üzrə Ümumdünya Şurası 2024-cü il Formula 1 Dünya Çempionatının təqvimini açıqlayıb.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Avtoidman üzrə Ümumdünya Şurası 2024-cü il Formula 1 Dünya Çempionatının təqvimini açıqlayıb.

Təqvimə əsasən, paytaxtımız növbəti Azərbaycan Qran Prisinə 2024-cü ilin 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək. Sayca səkkizinci dəfə təşkil ediləcək Bakı yarışı təqvimdə yer alan 24 yarışdan biridir.  Yeni F1 mövsümü martın 2-də Bəhreyndə başlayıb ənənəyə sadiq qalaraq dekabrın 8-də Əbu-Dabidə başa çatacaq.

Formula 1 növbəti təqvimi yarışların keçiriləcəyi müxtəlif qlobal regionlara əsasən tərtib edib. Burada məqsəd F1-in Davamlılıq Siyasətindən irəli gələrək mövcud logistik çətinlikləri aradan qaldırmaq və nəticədə yarışları davamlılıq prinsipləri əsasında keçirməkdir.

Yeni təqvimdə Yaponiya Qran Prisinin apreldə, Azərbaycan Qran Prisinin sentyabrda və Qətər yarışının Əbu-Dabi yarışından əvvəl təşkil olunması ilə Formula 1 yarışları bir-birinə yaxın bölgələrdə logistik baxımından daha effektiv şəkildə keçirməyi hədəfləyir.

Bəhreyn və Səudiyyə Ərəbistanında keçiriləcək mövsümün açılışını edəcək iki yarış həftəsində Qran Pri şənbə günü keçiriləcək. Bu qərar Ramazan ayı ilə əlaqədar qəbul edilib.

Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali 2024-cü il Formula 1 təqvimi ilə bağlı fikirlərini bölüşüb: “Bütün azarkeşlərimiz üçün daha bir maraqlı mövsüm olmağı hədəfələyən 24 yarışdan ibarət yeni təqvimini elan etməkdən məmnunluq duyuram. Formula 1-ə böyük marağın və yüksək tələbatın olduğu vaxtda inanıram ki, bu təqvim ənənəvi yarışlar ilə yeni və mövcud yarışlar arasında düzgün balans yaradacaq. Bu möhtəşəm cədvəlin meydana gəlməsində göstərdikləri dəstəyə görə bütün tərəfdaşlarımıza minnətdaram. Formula 1-in 2030-cu ilə kimi karbon tullantılarının sıfıra endirilməsi öhdəliyinin bir hissəsi kimi təqvimlərin davamlılıq əsasında tərtib olunması növbəti illərdə də davam edəcək. İlk Las Veqas Qran Prisi də daxil olmaqla, hələ də 2023-cü ildə səbirsizliklə gözlədiyimiz çoxlu yarışlar var və azarkeşlərimizi növbəti mövsümdə daha da həyəcanlı yarışlar gözləyir”.