
McLaren pilotu Lando Norris Niderland Qran-prisinin qalibi olub. Bu britaniyalı pilotun ardıcıl ikinci qələbəsidir. Çempionatın lideri Kimi Antonelli (Mercedes) ikinci, Corc Rassell (Mercedes) isə üçüncü yeri tutub.
Yay fasiləsindən sonra keçirilən ilk mərhələ Zandfort üçün xüsusi əhəmiyyət daşıyıb. Niderland Qran-prisi sonuncu dəfə Formula 1 təqvimində yer alıb. Tribunalar tam dolub və üç gün ərzində yarışı ümumilikdə 300 minə yaxın azarkeş izləyib.
Həftəsonu Mercedes və McLaren pilotlarının üstünlüyü ilə keçib. Corc Rassell sprint sıralama turunda ən yaxşı nəticəni göstərib, daha sonra isə sprint yarışının qalibi olub. Əsas sıralama turunda isə Norris hamını qabaqlayaraq ardıcıl ikinci poulunu qazanıb. Rassell yarışa Norrislə birlikdə birinci cərgədən, Antonelli və Oskar Piastri isə ikinci cərgədən start veriblər.
Startda Norris liderliyini qoruyub, Antonelli isə ikinci yerə yüksəlib. İlk dəqiqələrin əsas hadisəsi Maks Ferstappenin qəzası olub. Red Bull pilotu döngədən çıxarkən bolidə nəzarəti itirib və baryerə çırpılıb. Qəzadan sonra yarış qırmızı bayraqlarla dayandırılıb.
28 dəqiqəlik fasilədən sonra mübarizə yenidən davam etdirilib. Antonelli Norrisi geridə qoyaraq liderliyə yüksəlib. Piastri isə Rasselli ötərək üçüncü yeri ələ keçirib.
Pit-stopların ilk dalğasından sonra Antonelli liderliyini qoruyub. Ferrari pilotları isə mövqelərini yaxşılaşdırmağa başlayıblar. 34-cü dövrədə Şarl Lekler Piastrini ötüb, bir qədər sonra Lyuis Hemilton da avstraliyalı pilotu geridə qoyub.
Yarışın ikinci hissəsində qələbə uğrunda mübarizə daha da gərginləşib. Növbəti pit-stop dalğasından sonra Hemilton trasda qalaraq Antonelli və Norrisin önünə keçib. Təzə təkərlərdə olan Kimi Ferrari pilotuna hücuma hazırlaşsa da, Norris də liderlərə sürətlə yaxınlaşıb. 54-cü dövrədə britaniyalı pilot əvvəlcə Antonellini, ardınca isə Hemiltonu ötərək yenidən liderliyi ələ keçirib.
Esteban Okonun mübarizəni dayandırmasından sonra Virtual Təhlükəsizlik Avtomobili rejimi elan olunub. Liderlər bu fürsətdən istifadə edərək pit-stopa yollanıblar. Restartdan sonra təzə Soft təkərlərdə olan Antonelli Rassellə sürətlə yaxınlaşıb. Mercedes komandasının göstərişi ilə Rassell komanda yoldaşını önə buraxıb və Kimi ikinci yerə yüksəlib.
Norris finişədək liderliyini qoruyaraq ardıcıl ikinci qələbəsini qazanıb. Antonelli ikinci yeri tutaraq çempionatdakı üstünlüyünü artırıb. Rassell isə Hemiltonun hücumlarına tab gətirərək yarışı üçüncü pillədə başa vurub.
Formula 1 üzrə dünya çempionatı iki həftə sonra əfsanəvi Montsa trasında keçiriləcək İtaliya Qran-prisi ilə davam edəcək.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency