Fevral

15

Formula 1 yarışları Azərbaycana 277 milyon dollar gəlir gətirib

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilən Formula 1 yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda baş tutmuş Formula 1 yarışlarının iqtisadiyyata göstərdiyi təsirlərə dair aparılmış araşdırmanın nəticələrini böyük məmnuniyyətlə ictimaiyyətə təqdim edir. Araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd olunur ki, indiyədək Bakıda keçirilmiş Formula 1 yarışları ölkənin iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib.

 

01

Bu hesabat Bakıda 2016-cı ilin iyununda baş tutmuş ilk Formula 1 yarışından bu günə qədər olan müddət ərzində Formula 1 Qran Pri yarışına evsahibliyi etməyin şəhərə qazandırdığı faydaların iqtisadi qiymətləndirilməsini özündə əks etdirir. 

Hesabatda 277,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində F1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur ki, Bakıda baş tutmuş iki Qran Pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz bu sektorun payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bu rəqəmə F1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqəda yaranmış digər gəlirlər daxildir.  

İndiyədək Bakıda keçirilmiş iki Qran Pri ərəfəsində dolayı gəlirlər isə ümumilikdə 113,1 milyon dollar təşkil edib. Bu gəlirlərin içərisində yenə şəhərin turizm sektoru 14,9 milyon dollarla ən çox iqtisadi fayda götürən sektor olub. Hesabatda qeyd olunmuş dolayı gəlirlərə Bakıda keçirilmiş Formula 1 Qran Pri yarışlarının təşkilatçılığında birbaşa yer alan təchizatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlirlər daxildir.

BŞH-nin icraçı direktoru Arif Rəhimov fevralın 13-də Heydər Əliyev Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda baş tutmuş illik konfransda çıxış edərkən həmin konfransda ilk dəfə açıqlanmış araşdırma nəticələrinə belə münasibət bildirib: “Formula 1 yarışlarının paytaxt Bakının iqtisadiyyatına göstərdiyi təsirlərə dair aparılmış araşdırmanın müsbət nəticələri bizi həm çox sevindirdi, həm də biz bu nəticələrdən çox razı qaldıq. Bu irimiqyaslı idman yarışını paytaxtımıza gətirdiyimizdən bu günədək, biz hər dəfəsində xüsusilə qeyd etməyə çalışdıq ki, bu tədbir möhtəşəm yarış və əyləncədən daha artığını vəd edir. Belə ki, F1 yarışları paytaxtın, həmçinin ölkənin iqtisadi, sosial və mədəni sahələrində katalizator rolunda çıxış edərək sözügedən sahələri daha irəliyə aparmaqda və bu şəhərdə yaşayan və işləyən hər bir kəsə daha böyük faydalar və fürsətlər gətirməkdədir. Bakının böyük qonaqpərvərliklə F1-ə evsahibliyi etməsinə və həmçinin F1-in Bakıya iqtisadi faydalar qazandırmasına şahid olmaq çox qürurverici haldır. Biz dünyanın ən böyük avtoidman yarışı fonunda “Formula 1”-in rəhbərliyi ilə növbəti illərdə də qarşılıqlı əməkdaşlıq etməyə və birlikdə böyük uğurlara imza atmağa davam edəcəyik”.

Bu il 27-29 aprel tarixlərində Formula 1-in ən sürətli şəhər trekində baş tutacaq növbəti möhtəşəm yarışı qaçırmayın!

2018 Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Daha ətraflı məlumat əldə etmək istəyən media nümayəndələri [email protected] elektron ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər.