İyun

22

2017 Formula 1 Azərbaycan Qran Prisi öncəsi Bakı Şəhər Halqasına edilən dəyişikliklər

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bu həftəsonu keçiriləcək Azərbaycan Qran Prisi öncəsində Bakı Şəhər Halqasına bir sıra dəyişikliklər edilib.

İlk olaraq 1, 2, 3, 5, 8 və 15-ci döngələrin kənarlarında quraşdırılmış baryerlər arxaya çəkilib ki, əlavə məsafə yaratmaqla bolidlərin rahat hərəkəti təmin olunsun.

Eyni zamanda 1, 3, 5, 7, 8 və 15-ci döngələrdə olan təhlükəsizlik baryerlərinə yeni baryerlər əlavə edilərək həmin hissələrdə təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Bununla yanaşı, 1-ci döngənin çıxışında, 3 və 5-ci döngələrin apekslərində və treklə pit yolunu ayıran hissədə asfalt örtüyünə bərkidilmiş kerblər (qabırğa şəkilli bordyurlar) çıxarılıb, əvəzində həmin yerlər müvafiq qaydada rənglənib.

Trekdən bolidlərin tezliklə çıxarılması üçün 7-ci döngədən əvvəl solda və 18-ci döngənin sağ tərəfində yeni qapılar qoyulub. Bundan əlavə, tam inşa olunduqdan sonra trekdə nəqliyyatın rahat və sürətli hərəkətini təmin etmək üçün trekin müxtəlif yerlərinə bir hissəsi betondan olan qapılar quraşdırılıb.

Və nəhayət, 13 və 19-cu döngələrin kənarlarında olan təhlükəsizlik baryerlərinin olduğu hissə əlavə baryerlər qoyular 34 metr genişləndirilib.

Sonda onu da qeyd edək ki, trekdə iki DRS zonası var. DRS göstərən nişanlardan biri ikinci sektora yerləşdirilib və 2-ci döngədən 54 metr sonra aktivləşdirilir, o biri isə 20-ci döngənin apeksinə quraşdırılıb və 20-ci döngədən 347 metr sonra aktivləşdirilir.