Noyabr

21

Bakı Şəhər Halqası Media Klubu növbəti dəfə debat keçirdi

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Debat çərçivəsində bir araya gələn klub üzvləri ölkədə turizm sektorunun davamlı inkişafına dair fikir mübadiləsi apardılar.

Noyabrın 20-də baş tutan görüşdə BŞH Marketinq və Kommunikasiya şöbəsinin əməkdaşları, BŞH Media Klubunun üzvləri və Milli Turizm Təbliğat Bürosunun rəsmiləri iştirak etdilər. Debatın keçirilməsində əsas məqsəd Azərbaycanın turizm imkanları, bu imkanlardan səmərəli istifadə yolları və ölkədə turizm sektorunun inkişaf etdirilməsində qarşılaşılan çətinliklər haqqında qarşılıqlı müzakirələr aparmaq və həll yolları ilə bağlı təklifləri dəyərləndirməkdir.

Görüşdə moderator qismində çıxış edən BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və 2018 Formula 1 Azərbaycan Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarai idman yarışlarının ölkə turizmində rolu, mövcud çətinliklər və onların həlli istiqamətində atılan addımlar haqqında ətraflı məlumat verdi: “Sevindirici haldır ki, Azərbaycan Qran Prisi ölkə turizminin inkişafında olduqca müsbət rol oynayır. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti hər zaman yerli biznes qurumlarını bu fürsətdən yararlanmağa dəvət edir. Turizm sahəsində hələ də bəzi çətinliklər olsa da, bu problemlərin həllində müsbət tendensiya olduğunu müşahidə edirik”.

Milli Turizm Təbliğat Bürosunun İctimai Əlaqələr üzrə meneceri Kənan Quluzadə öz növbəsində büronun yaranması və fəaliyyəti, həmçinin “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” haqqında danışdı: “Azərbaycanın regionda stabilliyi və təhlükəsizliyi ölkə turizminə mübət təsir edir. Son illər turizm sahəsində aparılan islahatlar nəticəsində ölkəyə gələn turistlərin sayında böyük artım müşahidə olunur. Ümumilikdə 2020-ci ilə qədər ölkəyə 4.5 milyon turistin gələcəyi gözlənilir. Yaxın illərdə turizm sahəsindən əldə olunan gəlirin neft-qaz sahəsindən əldə olunan gəlirə bərabər olacağı proqnozlaşdırılır”.

Tədbirdə çıxış edən Milli Turizm Təbliğat Bürosunun Marketinq üzrə meneceri Cəmilə Talıbzadə dünya ölkələrinin turizm layihəsinə cəlb olunma yolları, stabil əməkdaşlıqların qurulması üçün atılan addımlar və  Azərbaycanın regionlarında xidmət sektorunun inkişafı ilə bağlı jurnalistlərin verdiyi sualları cavablandırdı. O, çıxışı zamanı Azərbaycanın turizm potensialını üzə çıxarmaq üçün infoturların təşkil olunacağını və bu işə peşəkar turoperatorların cəlb ediləcəyini qeyd etdi.

Xatırladaq ki, 2017 Formula 1 Azərbaycan Qran Prisi zamanı Milli Turizm Təbliğat Bürosu ilə əməkdaşlıq çərçivəsində Sabir bağında yerləşən ayaqüstü zonada Azərbaycanın milli mədəniyyətini əks etdirən stendlər quraşdırılmışdı. Görüş zamanı hər iki qurum arasında həmçinin gələcək əməkdaşlıqlar və müştərək layihələr də müzakirə olundu.