
Mercedes pilotu Corc Rassell Formula 1 Qatar Airways Azərbaycan Qran-prisinin 10-cu yubiley yarışında qələbə qazanıb.
Yarış həftəsi britaniyalı pilotun tam üstünlüklə keçib və o karyerasında ilk “Böyük dəbilqə”ni qazanıb.
Rassell Bakıda keçirilən hər iki sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib, cümə günü sıralama turunda isə poulu qazanıb. Yarışa birinci yerdən başlayan Mercedes pilotu bütün dövrələrdə liderliyini qoruyub və ən sürətli dövrəyə də imza atıb.
Bu, Rassellin Bakıda ilk, cari mövsümdə üçüncü, Formula 1 karyerasında isə səkkizinci qələbəsi olub.
Red Bull pilotları Maks Ferstappen və İsaak Hadjar yarışı müvafiq olaraq ikinci və üçüncü yerdə başa vurublar. Beləliklə, 2024-cü il Çin Qran-prisindən sonra ilk dəfə Red Bull-un hər iki pilotu podiuma yüksəlib.
Bakıdakı yarış ənənəyə uyğun olaraq hadisələrlə zəngin keçib. Günün ən uğursuz komandasi isə McLaren olub. 36-cı dövrədə Alpine pilotu Franko Kolapinto birinci döngədə təkərləri bloklayaraq komanda yoldaşı Pyer Qasli ilə toqquşub. Zərbədən sonra Qaslinin bolidi həmin anda onun yanından keçən Lando Norrisin maşınına dəyib və McLaren pilotu divara çırpılıb. İnsident nəticəsində hər üç pilot yarışı vaxtından əvvəl başa vurmalı olub.
Qəzadan sonra təhlükəsizlik avtomobili trasa çıxıb. Restartdan sonra digər McLaren pilotu Oskar Piastri İsaak Hadjarla mübarizə zamanı birinci döngədə təkərləri bloklayaraq trasdan çıxıb. Üçüncü yer uğrunda mübarizə aparan avstraliyalı trasa yalnız 15-ci mövqedə qayıda bilib.
Son dövrələrdə diqqətlər Rassell və Ferstappen arasındakı liderlik mübarizəsinə yönəlib. 40-cı dövrələrdən etibarən Red Bull pilotu liderə təzyiqi artırıb və iki pilot arasındakı fərq minimuma enib. Buna baxmayaraq, Rassell mövqeyini qoruyaraq finiş xəttini Ferstappendən cəmi 0,196 saniyə əvvəl keçib.
Sıralama turu uğursuz alınan çempionatın lideri Kimi Antonelli isə yarış ərzində mövqeyini yaxşılaşdıraraq finişə beşinci çatıb.
10-cu yubiley Azərbaycan Qran-prisi də gərgin mübarizə və gözlənilməz hadisələrlə yadda qalaraq Bakının "Gözlənilməzə hazır ol" (Expect the Unexpected) şüarını bir daha doğruldub.
Corc Rassell Bakı Şəhər Halqasında qələbə qazanan səkkizinci fərqli pilot olub. Azərbaycan Qran-prisinin 10 illik tarixində yalnız iki pilot — Serxio Peres və Maks Ferstappen — Bakıda iki dəfə qalib olmağı bacarıb.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency