Dekabr

10

Yerli əl işi istehsalçıları arasında Formula 1 Azərbaycan Qran Prisi 2020 üçün suvenir müsabiqəsi keçirilir

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) fəaliyyətinin 5 illiyi münasibətilə yerli əl işi və suvenir istehsalçıları arasında Formula 1 Azərbaycan Qran Prisi 2020-ə həsr olunmuş müsabiqə keçirir.

Bunda məqsəd əl işi və suvenir hazırlığı ilə məşğul olanlara dəstək göstərmək və onları avtoidmana aid milli suvenirlər hazırlamağa təşviq etmək və həmçinin cəlbediciliyi baxımından xüsusilə fərqlənən suvenirləri seçərək yarış zamanı onların satışına köməklik göstərməkdir.

BŞH-nin Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində keçirilən müsabiqədə azı 18 yaşa malik istənilən yerli əl işi və suvenir istehsalçısı fərdi sahibkar kimi və ya əlaqədar biznes qurumu adından iştirak edə bilər. İştirak ödənişsizdir və iştirakçılar müsabiqəyə bir və ya daha çox əl işi nümunəsi təqdim edə bilərlər.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu müsabiqənin yerli əl işi və suvenir istehsalçılarının işgüzar fəaliyyətinə təkan verəcəyini bildirib: “Biz hər il çalışırıq ki, xüsusən trek ətrafı ilə yanaşı bütün paytaxtda mövcud olan yerli sahibkarlar Formula 1 Azərbaycan Qran Prisinin onlar üçün yaratdığı biznes imkanlarından bu və ya digər şəkildə tam faydalana bilsinlər. Əl işi və suvenirlərə dair keçirdiyimiz bu müsabiqə də sözügedən məqsədə xidmət edir. İnanırıq ki, müsabiqə çərçivəsində bir-birindən maraqlı əl işi və suvenirlər istehsal olunacaq və bu da öz növbəsində həmin biznes sahəsində işgüzar fəaliyyətin dayanıqlı inkişafına öz töhfəsini verəcəkdir”.

Müsabiqəyə müraciət 9 dekabr 2019-cu il tarixində başlayır və bu proses 31 yanvar 2020-ci ilədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyənlər müraciət formasını tam doldurub imzaladıqdan sonra bu forma ilə birlikdə müsabiqəyə təqdim olunacaq əl işi və suvenirin şəklini [email protected] email ünvanına göndərməlidirlər. Müraciət forması üçün bizə əvvəlcədən sözügedən email vasitəsilə müraciət olunmalıdır.

Təqdim olunan əl işi və suvenirlər arasından 5 qalib seçiləcək və bu qaliblər həmin əsərləri yarış zamanı BŞH-nin əyləncə mərkəzindəki mağazasında satışa çıxara biləcəklər. Bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

Müsabiqənin qaydaları və digər zəruri şərtlər barədə ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz.

 

QAYDALAR

Müsabiqəyə təqdim olunacaq məhsulun şərtləri tam ödəməsi üçün aşağıdakı qaydalara əməl olunmalıdır:

Məhsulun tipologiyası

Suvenirlər Formula 1 Azərbaycan Qran Prisi 2020 mövzusunda hazırlanmalıdır.

-        Adi ehtiyaclara cavab verən və texnoloji xüsusiyyəti olmayan məhsullardan istifadə olunmalıdır.

-        Məhsulların üzərində Formula 1 adı və loqosu əks olunmamalıdır.

-        Grand Prix (Qran-Pri), GP (QP) və City Grand Prix (Şəhər Qran-Prisi) kimi ifadələrə yer verilməməlidir.

-        Formula 1 komandalarının rəsmi rənglərindən istifadə olunmamalıdır.

Mövzu

Suvenir Formula 1 və avtoidmanla əlaqədar olmalıdır. Suvenirlərdə milli tərtibat və ya cizgiləri özündə əks etdirən avtoidman elementlərinə və ya Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, BŞH-nin şüarları və BŞH-nin treki ilə bağlı elementlərə yer verilməlidir.

Materiallar və avadanlıqlar

İstənilən materialdan, o cümlədən odun, parça və digər materiallardan istifadə oluna bilər. Ekologiya dostu materiallardan istifadə edənlərə üstünlük veriləcək.

 

Ümumi proses

  1. Müraciət müddəti – 9 dekabr 2019-cu ildən 31 yanvar 2020-ci ilədək
  2. İlkin baxışdan keçən iştirakçıların elanı – 2020-ci ilin fevralı
  3. Formula 1 rəhbərliyinin təsdiqi – 2020-ci ilin martı
  4. Qaliblərin elanı – 2020-ci ilin aprelin əvvəli
  5. Satışa çıxarılacaq suvenirlərin BŞH-yə təqdim olunması – 31 may 2020-ci il

 

Uyğunluq və müraciət

İştirak ödənişsizdir və müsabiqədə azı 18 yaşa malik bütün əl işi istehsalçıları və yaradıcı istedadlar iştirak edə bilərlər. İştirakçılar bir və ya daha çox əl işi nümunəsi təqdim edə bilərlər və hər bir nümunə müraciət forması ilə birlikdə təqdim olunmalıdır.

İştirakçılar təqdim olunacaq suvenirin şəkli ilə birlikdə müraciət formasını BŞH-yə emaillə göndərməlidir.

Müraciət formasına suvenirin şəkilləri əlavə olunmalı və həmin formada suvenirin yaranma ideası barədə məlumat verilməlidir. Hər bir məhsul üçün bir neçə şəkil təqdim olunmalıdır. Bu şəkillərdən azı biri neytral arxafona sahib olmalı və üzərində yazı olmamalıdır. “Təsvir” bölməsinə suvenirə dair uzunluğu 500 işarədən çox olmayan qısa təsvir əlavə olunmalıdır. 

Beynəlxalq ictimaiyyətə təqdim edəcəyimiz üçün müraciət zamanı göndərilən bütün sənədlərin ingilis dilində olması tələb olunur.

Seçmə prosesi

Müsabiqə bütün yerli əl işləri ustalarına açıqdır və iştirak etmək istəyənlər müsabiqəyə ya fərdi sahibkar, ya da hər hansı bir biznes qurumu adından qatıla bilərlər.

Qaliblər BŞH təmsilçiləri və dizaynerlərdən ibarət jüri heyəti tərəfindən seçiləcək.

Qalib olan əl işləri sərgisi keçiriləcək və bu sərgi zamanı həmin əl işlərinin satışı və sifarişlərin qəbuluna imkan yaradılacaq.

Müraciət üçün son gün: 31 yanvar 2020-ci il

Suvenirlərin hazırlanması

Qaliblər Formula 1 rəhbərliyi tərəfindən təsdiq olunduqdan dərhal sonra əməliyyat şirkəti suvenirlərin hazırlanması üçün qaliblərə müraciət edəcək.

Hazırlanma müddəti – 30-45 gün

Məhsulların çatıdırılmasına dair son gün: 31 may 2020-ci il